Xəbər lenti

Cəhənnəm istisi bu ölkəni yox edə bilər - NASA-dan xəbərdarlıq
Dünya 22:03 20.05.2025

Cəhənnəm istisi bu ölkəni yox edə bilər - NASA-dan xəbərdarlıq

NASA və iqlim alimləri xəbərdarlıq edirlər: Braziliya bu əsrdə yaşamaq üçün yararsız hala gəlməsi mümkün olan ölkələr arasındadır. 

Qaynarinfo xəbər verir ki, vu barədə "ECONews" məlumat yayıb.

Məlumata görə, bu xəbərdarlıq tropik bölgələrdə temperaturun fəlakətli dərəcədə artması ehtimalını ortaya qoyan araşdırmalara əsaslanır. Daha 2020-ci ildə Science Advances jurnalında dərc olunmuş bir araşdırmada 1979–2017-ci illər arasında ekstremal isti hallarının tezliyi təhlil edilib. Nəticələr göstərib ki, bu hadisələrin sayı üç dəfə artıb və yüksək rütubət ilə 35°C-dən yuxarı temperatur şəraitində insan orqanizmi tərləmə yolu ilə soyuma qabiliyyətini itirir. Bu isə birbaşa həyat üçün təhlükə yaradır.

İlkin mərhələdə Braziliya təhlükə zonasına daxil edilməmişdi, lakin artıq 2022-ci ildə NASA ölkəni ölümcül istilərə qarşı ən həssas ərazilərdən biri kimi öz bloqunda qeyd edib. Bu məlumatı iqlim alimləri də təsdiqləyir.

Braziliyalı iqlim alimi Karlos Nobre bildirir:

"Söhbət təkcə Braziliyadan getmir. Əgər qlobal temperatur 4°C yüksələrsə, tropiklərin və hətta mülayim iqlim qurşaqlarının böyük bir hissəsi yaşamaq üçün yararsız olacaq".

"The Nature Conservancy" təşkilatının məlumatına görə, bu, növbəti 30–50 il ərzində baş verə bilər. Halbuki əvvəl bu prosesin 100–200 ilə yayılacağı düşünülürdü.

NASA-nın proqnozlarına əsasən, 2041–2044-cü illər arasında qlobal temperatur daha 2°C artacaq ki, bu da Braziliyanın tropik meşələrinə xüsusi təsir göstərəcək.

Mümkün nəticələr aşağıdakılardır:

* quraqlıqların, yanğınların və güclü küləklərin artması;
* "qırılma yayı" adlanan ərazidə rütubətin azalması;
* quraqlığa həssas növlərin məhv olması;
* meşələrin savannaya çevrilməsi və 250 milyard tona qədər CO₂ emissiyası riski (bu, Paris sazişi çərçivəsindəki qlobal karbon kvotasının 75%-ni təşkil edir).

Təhlükə yalnız təbiətə deyil, şəhərlərə də aiddir. San-Paulu, Rio-de-Janeyro və Salvador kimi urbanizə olunmuş şəhərlər artıq "istilik adası" effektindən əziyyət çəkir. Bu zaman şəhərdəki temperatur beton, asfalt və yaşıllıq sahələrinin çatışmazlığı səbəbindən orta göstəricidən 5°C yüksək olur.

NASA xəbərdarlıq edir: 2070-ci ilə qədər Braziliya da daxil olmaqla Yer kürəsinin əhəmiyyətli bir hissəsi yaşamaq üçün yararsız ola bilər. Qlobal ekosistemlər artıq bu gün dağılmaqda davam edir və təxirəsalınmaz tədbirlər görülməzsə, bəşəriyyət iqlim fəlakəti üzərində nəzarəti itirə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->