Kanadanın Alberta əyalətində, "Ölüm çayı" kimi tanınan ərazinin dərinliklərində 72 milyon illik bir sirr yatır. Rəsmi adı "Pipestone dərəsi" olan bu bölgə minlərlə dinozavrın eyni gündə necə öldüyünə dair cavab gözləyən suallar doğurur. Paleontoloqlar bu sirri açmaq üçün genişmiqyaslı qazıntılara başlayıb.
Qaynarinfo xəbər verir ki, Alberta əyalətinin meşəlik təpələrinin altında kütləvi bir dinozavr məzarlığı yerləşir. Qeyd edək ki, "kütləvi məzar" ifadəsi burada insanlarla bağlı deyil – söhbət tək gündə həyatını itirmiş minlərlə dinozavrdan gedir. Professor Emili Bamfortun rəhbərlik etdiyi tədqiqat qrupu ərazini "paleontoloji qızıl yatağı” adlandırır.
Bamfort "BBC News"a açıqlamasında bildirib: "Bu sağdakı böyük kütlənin bir çanaq sümüyünün parçası olduğunu düşünürük. Uzun və nazik sümüklər qabırğalara aiddir. Ayaq barmağı sümüyü də tapmışıq. Amma bəzi sümüklərin nəyə aid olduğunu hələ müəyyən edə bilmirik. Bu, Pipestone dərəsi sirrinin mükəmməl nümunəsidir".
Hazırda qazıntılar yalnız tenis kortu böyüklüyündə bir sahədə aparılır, lakin artıq minlərlə sümük aşkar olunub. Araşdırmalara görə, hər kvadrat metrdə orta hesabla 300 sümük tapılır. Qalıqların təxminən 1 kilometrə qədər sahəyə yayıldığı ehtimal edilir.
Ərazidə tapılan bütün sümüklər Pachyrhinosaurus adlı növə aiddir. Bu dinozavrlar 5 metr uzunluğa və 2 ton çəkiyə malik olub. Triceratops növünün qohumları olan Pachyrhinosauruslar dördayaqlı, iri başlı və burunlarının üstündəki böyük şişkinliklərlə seçilirdilər.
Alberta tarixən dinozavr tapıntıları ilə zəngin olub. Hətta burada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş dinozavr parkı da mövcuddur. Araşdırma qrupu fosillərdən istifadə edərək keçmiş ekosistemi anlamağa çalışır.
Bamfortun sözlərinə görə, bu kütləvi məzar tək bir növə – Pachyrhinosaurusa aiddir və bu qədər böyük nümunə dəsti paleontoloji baxımdan olduqca nadir hadisədir.
Alberta ərazisi o dövrdə daha isti iqlimə sahib olub və bitki örtüyü baxımından zəngin bir mühit sayılıb. Bu da ot yeyən Pachyrhinosaurusların burada çoxalmasına imkan yaradıb. Tədqiqatçılar sürünün miqrasiyası zamanı baş verən bir təbii fəlakət nəticəsində məhv olduğuna inanır.
Əldə edilən sübutlar sürünün sel fəlakəti nəticəsində öldüyünü göstərir. Güman edilir ki, dağlarda baş verən güclü yağışların yaratdığı sel suları dinozavrları sürükləyərək meşələri və qayaları darmadağın edib. Sediment təbəqələrində selin yaratdığı qarışıqlıq da bu ehtimalı dəstəkləyir.
Pipestone dərəsindən iki saatlıq məsafədə yerləşən Deadfall təpələrində də zəngin fosil yataqları var. Burada su axınının təsiri ilə qayaların altından çıxan sümüklər çay sahilinə yığılır. Bu ərazidə tapılan qalıqlar əsasən Edmontosaurus növünə aiddir – ördək dimdiyi formasında ağız quruluşu ilə tanınan bu dinozavrların uzunluğu 10 metrə qədər çata bilərdi.
Bu növ də Pachyrhinosaurus kimi ot yeyən olub və burada yaşamış dinozavrlara dair ümumi mənzərəni formalaşdırmaqda mühüm rol oynayır.
Tapılan sümüklər təhlil üçün Alberta əyalətinin Qrande Priyri şəhərindəki Filip J. Kerri Dinozavr Muzeyinə aparılır. Muzeyin kolleksiya müdiri Cekson Sveder hazırda 1,5 metr uzunluğundakı "Qoca Sem” adlandırılan Pachyrhinosaurus kəlləsi üzərində işləyir. O, kəllənin üstündəki üç sümükdən birinin – orta buynuzun – itkin olduğunu bildirir.
İndiyədək muzey komandası 8 minə yaxın sümük toplayıb. Bu qədər geniş material bazası tədqiqatçılara həm növün, həm də fərdi dinozavrların bioloji xüsusiyyətlərini daha dərindən anlamağa imkan verir.
Bütün bu tapıntılar paleontoloqların "Bu qədər dinozavr necə bir anda öldü?” sualına cavab tapmaq üçün əhəmiyyətli rol oynayır. Bamforta görə, bu qədim sürü miqrasiya zamanı qəfil bir fəlakətə – güclü selə – tuş gəlib və böyük əksəriyyəti həyatını itirib. Bu kütləvi ölümlə nəticələnən hadisə indi elm adamları üçün böyük bir fürsətə çevrilib.
"Burada hər dəfə yeni bir sümük tapacağımızdan əminik. Hər il bu növlə bağlı yeni faktlar ortaya çıxır. Bu səbəbdən də hər il geri qayıdırıq və araşdırmalar davam edir", deyə Bamfort vurğulayıb.
Aydın
Şərhlər