Xəbər lenti

Avropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı
Dünya 15:00 18.05.2026

Avropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı

Finlandiyada Rusiya sərhədinə təxminən 10 kilometr məsafədə yerləşən ərazidə aşkar edilən qızıl yataqlarının ilkin proqnozlardan daha böyük olduğu açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Finlandiyanın dövlət yayım qurumu "Yle”nin məlumatına görə, mədən şirkəti "Endomines” qış mövsümündə apardığı qazma işləri zamanı Şimali Kareliyada yerləşən Ukkolanvaara süxur formasiya sahəsində dörd yeni qızıl yatağı aşkarlayıb.

Şirkətin baş icraçı direktoru Kari Vikhtinen bildirib ki, yeni yataqlar əvvəllər məlum olan ehtiyatlardan təxminən 5,8 kilometr cənubda yerləşir. Onun sözlərinə görə, əldə edilən nəticələr bölgədə genişmiqyaslı qızıl mədənçiliyi potensialına işarə edir. Mədən və kəşfiyyat mütəxəssisi Jani Rautio isə kəşf sahəsinin təxminən 7 kilometrlik əraziyə yayıldığını qeyd edib.

Yeni kəşf Avropanın kritik xammal və strateji resurslarda xarici asılılığı azaltmağa çalışdığı bir dövrdə baş verib.

Vikhtinen açıqlamasında Ukkolanvaara sahəsindəki Ukko yatağının yüksək qızıl potensialını təsdiqlədiyini bildirərək deyib: "Tək bir qazma nöqtəsində bu qədər yüksək keyfiyyətli üç ayrı qızıl zonası ilə əvvəllər qarşılaşmamışıq".

Hazırda qazma işləri davam edir və yatağın iqtisadi dəyəri ilə bağlı əlavə analizlərin aparılması planlaşdırılır. Şirkət bu il ərazidə ümumilikdə 52 qazma quyusunun açıldığını və layihənin ehtiyat qiymətləndirmə mərhələsinə keçdiyini açıqlayıb.

"Endomines” şirkəti Ukkolanvaara sahəsinin Cənubi Qızıl Zonası daxilində yerləşdiyini və hazırda planlaşdırma ilə ətraf mühitə təsirin qiymətləndirilməsi proseslərinin davam etdiyini bildirib. Şirkət mədənçilik fəaliyyətinə 2030-cu ildə başlamağı hədəfləyir. Bu da kəşfdən istehsala keçidin uzunmüddətli plan çərçivəsində aparıldığını göstərir.

Mütəxəssislərin fikrincə, bölgədəki qızıl formasiya strukturları Avstraliya və Kanadadakı iri mədən zonalarına bənzəyir. Lakin Finlandiyada bu miqyasda qızıl yatağının ilk dəfə qeydə alındığı vurğulanır.

Aydın
--> -->