Xəbər lenti

ABŞ-da iki hərbi təyyarə toqquşdu - Ekipaj son anda xilas oldu
Dünya 13:21 18.05.2026

ABŞ-da iki hərbi təyyarə toqquşdu - Ekipaj son anda xilas oldu

ABŞ-ın Aydoho ştatında keçirilən aviaşou zamanı qəza baş verib. Hərbi Dəniz Qüvvələrinə məxsus iki hərbi təyyarənin havada toqquşması nəticəsində təyyarələrdə olan 4 ekipaj üzvü katapult sistemi vasitəsilə son anda xilas olub.

Qaynarinfo xəbər verir ki, hadisə Mountain Home Air Force Base ərazisində təşkil olunan hava nümayişi zamanı qeydə alınıb. Məlumata görə, iki hərbi təyyarə nümayiş uçuşu həyata keçirərkən hələlik bilinməyən səbəbdən havada toqquşub.

Toqquşmadan dərhal sonra təyyarələrdə olan 4 hərbçi katapult kreslolarını aktivləşdirərək təyyarədən ayrılıb. Rəsmilər onların təhlükəsiz şəkildə yerə endiyini bildiriblər.

Sakit Okean Donanmasının Hərbi Hava Qüvvələrinin sözçüsü Amelia Umayam açıqlamasında bildirib ki, qəzaya uğrayan təyyarələr Vaşinqton ştatındakı Whidbey Island bazasında yerləşən 129-cu Elektron Hücum Eskadrilyasına məxsus EA-18G Growler tipli döyüş təyyarələri olub.

Sözçünün sözlərinə görə, təyyarələr qəza zamanı planlaşdırılmış aviaşou proqramında iştirak edirdi.

Hadisədən sonra xilas olan ekipaj üzvləri tibbi müayinə edilib. Qəzanın başvermə səbəblərini araşdırmaq üçün genişmiqyaslı istintaqa başlanıldığı açıqlanıb.
 
Günay
--> -->