Əlçatan, təhlükəsiz və layiqli yaşayış yerləri fundamental insan hüququdur.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti Annalena Berbok videomüraciəti zamanı bildirib.
O qeyd edib ki, dünyada 1 milyard 100 milyondan çox insan hələ də qeyri-rəsmi yaşayış məntəqələrində və ya xarabalıqlarda yaşayır.
"Bunun nəticələri yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Təhlükəsiz yaşayış şəraiti olmadıqda sağlamlıq zəifləyir, təhsil prosesi pozulur, risklər daha da artır. Bərabərsizlik dərinləşir, icmalar iqlim şokları və böhranlar qarşısında daha aciz qalır".
O bəyan edib ki, WUF13 mühüm bir dövrdə keçirilir:
"Forum bir tərəfdən yaşayış yerləri ilə bağlı böhranı diqqət mərkəzinə gətirir, digər tərəfdən isə dayanıqlı şəhərsalma sahəsində tədbirlərin həyata keçirilməsi üçün imkan yaradır. Bu tədbirin keçirilməsi qarşımızda duran məsuliyyəti daha da artırır. Bu miqyasda davam edən böhranın sadə həlli yoxdur. Daha çox yaşayış evlərinin inşası zəruridir", – deyə o vurğulayıb.//Report
Şərhlər