Britaniya mərkəzli "Financial Times" qəzeti qlobal miqyasda doğum göstəricilərinin azalmasına dair diqqətçəkən araşdırma yayımlayıb.
Qaynarinfo xəbər verir ki, araşdırmada ağıllı telefon və rəqəmsal media istifadəsinin genişlənməsinin insanlar arasında üz-üzə ünsiyyəti azaltdığı və bunun "dövrün ən böyük problemlərindən biri” hesab edilən doğum səviyyələrinin enməsinə təsir etdiyi bildirilir.
Məlumata görə, doğum səviyyələrinin azalması artıq qlobal sosial və iqtisadi böhrana çevrilib.
BMT proqnozlarından kəskin fərq
"Financial Times”ın yazdığına görə, dünyadakı 195 ölkənin 2/3-dən çoxunda qadın başına düşən orta uşaq sayı əhalinin miqrasiyasız sabit qalmasını təmin edən 2,1 "yenilənmə həddinin” altına düşüb.
66 ölkədə bu göstərici artıq iki deyil, bir uşağa daha yaxın səviyyəyə enib, bəzi ölkələrdə isə orta doğum sayı "sıfıra yaxın” vəziyyətə çatıb.
BMT-nin beş il əvvəl Cənubi Koreya üçün 2023-cü ildə 350 min doğum proqnozlaşdırdığı, lakin real rəqəmin 230 min olduğu qeyd edilir. Bu isə azalma sürətinin gözləntiləri aşdığını göstərir.
Doğum nisbəti gözləntilərin də altında qalıb
Son 50 ildə yüksək və orta gəlirli ölkələrdə müşahidə edilən əhali qocalmasının son 10 ildə daha da sürətləndiyi bildirilir. Müxtəlif məlumat bazaları və onlayn axtarışların təhlili doğum azalmasının texnologiya istifadəsi ilə əlaqəli ola biləcəyini göstərir.
Doğum böhranı artıq yalnız varlı ölkələrin problemi deyil
Araşdırmada vurğulanır ki, aşağı doğum göstəriciləri artıq yalnız inkişaf etmiş ölkələrlə məhdudlaşmır. Meksikada 2023-cü ildə doğum səviyyəsi ilk dəfə ABŞ-dan aşağı düşüb. Bənzər tendensiyalar Braziliya, Tunis, İran və Şri-Lankada da müşahidə olunub.
Mütəxəssislər bildirir ki, bir çox ölkə "zənginləşmədən qocalır”. Bu isə işçi qüvvəsinin azalmasına, iqtisadi artımın zəifləməsinə və sosial xidmətlərə təzyiqin artmasına səbəb olur.
Yaponiyanın 1990-cı illərdən bəri yaşadığı iqtisadi durğunluğun da qismən əmək qabiliyyətli əhalinin azalması ilə bağlı olduğu qeyd edilir.
Sosial xərclər artan təzyiq yaradır
Təqaüd və qayğı xərclərinin dövlət büdcələrinə yükü artırdığı, infrastruktur investisiyalarını azaltdığı və sosial narazılıqları gücləndirdiyi bildirilir.
Bir ekspertin fikrincə, doğum səviyyəsinin azalması dövrümüzün ən böyük problemidir və digər bir çox problemlər bunun nəticəsidir.
Arzu olunan ailə modeli və real vəziyyət
Araşdırmalar göstərir ki, gənclərin əksəriyyəti hələ də orta hesabla iki uşaq sahibi olmaq istəyir, lakin bu istək reallığa çevrilmir. Xüsusilə Cənubi Koreyada qadınların böyük hissəsinin heç uşaq sahibi olmadığı qeyd edilir.
Uşağı olmayan qadınların payı artır
Demoqraf Stiven Şou tərəfindən aparılan araşdırmaya görə, ABŞ və bir çox inkişaf etmiş ölkələrdə ümumilikdə uşaq sahibi olan qadınların orta doğum sayı sabit qalsa da, heç uşaq doğmayan qadınların sayı ciddi şəkildə artıb.
Dəstək siyasətlərinə baxmayaraq azalma davam edir
Qeyd olunur ki, inkişaf etmiş ölkələrdə uşaq müavinətləri, valideyn məzuniyyətləri və bağça dəstəkləri artırılsa da, doğum səviyyəsi enməkdə davam edir. 1980-ci illərdən bu yana ailə dəstək xərcləri üç dəfə artsa da, doğum göstəricisi 1,85-dən 1,53-ə düşüb.
Mənzil böhranının təsiri
Ekspertlərə görə, mənzil qiymətlərinin artması və ev sahibi olmağın çətinləşməsi də ailə qurmağa mane olan əsas amillərdən biridir. ABŞ və Böyük Britaniyada doğum azalmasının təxminən yarısının gənclərin valideynləri ilə yaşamağa davam etməsi və evliliklərin gecikməsi ilə əlaqəli olduğu bildirilir.
Ağıllı telefonlar və sosial media amili
Araşdırmada iqtisadi səbəblərlə yanaşı, rəqəmsal texnologiyaların təsirinə xüsusi diqqət ayrılır. Ağıllı telefonların geniş yayılması gənclərin üz-üzə ünsiyyətini azaldaraq romantik münasibətlərin formalaşmasına təsir edə bilər.
Tədqiqatçılar Natan Hadsan və Hernan Moskosso-Boedo ABŞ və Böyük Britaniyada 4G şəbəkələrinin yayılmasından sonra doğum səviyyələrinin ən sürətli şəkildə internetin genişləndiyi bölgələrdə azaldığını bildirir.
2007-ci ildən sonra kəskin azalma
ABŞ, Böyük Britaniya və Avstraliyada gənclər arasında doğum göstəriciləri 2007-ci ildən etibarən kəskin şəkildə azalmağa başlayıb. Fransa və Polşada 2009-cu ildən, Meksika və İndoneziyada isə 2012-ci ildən oxşar tendensiya müşahidə olunub.
Mütəxəssislər bu dövrlərin ağıllı telefonların kütləvi yayılması ilə üst-üstə düşdüyünü qeyd edirlər.
Sosial münasibətlərə təsir
İqtisadçı Melissa Kearni bildirir ki, rəqəmsal medianın romantik münasibətlərə ciddi təsir göstərməsi ehtimalı yüksəkdir.
Demoqraf Lyman Stoun isə qeyd edir ki, uyğun həyat yoldaşı tapmaq üçün daha çox insanla tanış olmaq lazımdır, lakin sosiallaşma azaldıqda bu proses çətinləşir.
Sosial medianın münasibət gözləntilərinə təsiri
Mütəxəssislərə görə, sosial media xüsusilə gənc qadınların münasibət və həyat standartlarına dair gözləntilərini artırır. Alis Evans bildirir ki, "Instagram" və "TikTok" kimi platformalar bu gözləntiləri formalaşdırır, lakin hər iki tərəf çox vaxt uyğunlaşa bilmir.
Araşdırmalarda həmçinin qeyd olunur ki, gənc qadınlar və kişilər arasında ideoloji fərqlər də rəqəmsal dövrdə daha da dərinləşib və bu, münasibətlərə təsir edir.
Keçmiş tədqiqatlarla oxşar nəticələr
Əvvəlki araşdırmalar televiziyanın yayılmasının da doğum səviyyələrinə təsir etdiyini göstərmişdi. 2001-ci ildə aparılan bir tədqiqatda televiziya sahibi olmaq ilə aşağı doğum göstəriciləri arasında güclü əlaqə olduğu bildirilmişdi.
Aydın
Şərhlər