ABŞ və bir neçə ölkənin alimlərinin iştirakı ilə aparılan yeni genişmiqyaslı araşdırma göstərib ki, həm az, həm də həddindən artıq yuxu insan orqanizmində qocalmanı sürətləndirə və müxtəlif xəstəliklərin riskini artıra bilər.
Qaynarinfo euronews-a istinadən xəbər verir ki, tədqiqat zamanı Böyük Britaniya Biobankında yer alan təxminən yarım milyon insanın məlumatları təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, gündə mütəmadi olaraq 6 saatdan az və ya 8 saatdan çox yatan şəxslərdə bioloji qocalma əlamətləri daha çox müşahidə edilir.
Alimlər beyin görüntüləri, qan zülalları və orqanizmdəki kimyəvi göstəricilər əsasında süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə edərək "bioloji qocalma saatları” adlı xüsusi model hazırlayıblar. Bu model insanın faktiki yaşından daha sürətli və ya daha yavaş qocalmasını müəyyən etməyə imkan verir.
Araşdırmada "U formalı” qanunauyğunluq qeydə alınıb. Belə ki, orta diapazonda – təxminən 7-8 saat yatan şəxslərin sağlamlıq göstəriciləri daha yaxşı olub. Həm az, həm də çox yatanlarda isə qocalmanın sürətləndiyi müəyyən edilib.
Tədqiqatın müəlliflərindən biri, Kolumbiya Universiteti Vagelos Həkimlər və Cərrahlar Kollecinin radiologiya üzrə dosenti Cunhao Ven bildirib ki, yuxu müddəti yalnız beynə deyil, bütün orqanizmə təsir göstərən mühüm amildir:
"Araşdırma göstərir ki, yuxu metabolik balansın və immun sisteminin qorunmasında vacib rol oynayır”.
Tədqiqat nəticələrinə görə, qısa yuxu depressiya və narahatlıq kimi psixi problemlərlə yanaşı, ürək xəstəlikləri, 2-ci tip diabet, piylənmə, astma və reflüks kimi xəstəliklərlə də əlaqələndirilir.
Uzunmüddətli yuxu da müəyyən sağlamlıq problemləri ilə bağlı olsa da, alimlər bunun bəzi hallarda gizli xəstəliklərin göstəricisi ola biləcəyini bildiriblər.
Bununla yanaşı, tədqiqatçılar vurğulayıblar ki, araşdırma yuxunun birbaşa olaraq qocalmaya səbəb olduğunu tam sübut etmir. Çünki məlumatların əksəriyyəti iştirakçıların öz verdiyi məlumatlara əsaslanıb. Alimlər gələcəkdə daha dəqiq ölçmələr və daha müxtəlif əhali qrupları üzərində əlavə tədqiqatların aparılmasının vacibliyini qeyd ediblər.
Günay
Şərhlər