Xəbər lenti

Kim daha ağıllıdır: İt, yoxsa pişik həvəskarları?
Dünya 08:15 18.05.2026

Kim daha ağıllıdır: İt, yoxsa pişik həvəskarları?

Pişik sevənlər orta hesabla it sevənlərdən bir qədər daha yüksək intellekt səviyyəsinə malik ola bilər. ABŞ tədqiqatçılarının "itsevərlər” və "pişikaevərlər” arasındakı psixoloji və davranış fərqlərini araşdıran belə bir nəticəyə gəldiyi bildirilir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın zwierciadlo.pl nəşri psixoloq Denise Quastellonun (ABŞ-ın Karroll Universiteti) araşdırmasına istinadən yazır.

Nəşrdə qeyd olunur ki, "insanın ən yaxşı dostu itdir, yoxsa pişik” mövzusundakı mübahisə çoxdan zarafat çərçivəsindən çıxıb. Müəllifin yazdığına görə, bu heyvanların tərəfdarları təkcə seçimlərinə görə deyil, həm də xarakter xüsusiyyətləri, düşüncə tərzi və hətta IQ səviyyələri ilə fərqlənə bilər.

İstinad edilən araşdırma 2014-cü ildə aparılıb. Quastellonun komandası 600 ABŞ kollec tələbəsini sorğulayıb ki, it və pişik sevənlər arasında psixoloji fərqlər varmı. İştirakçıların əksəriyyəti özünü itsevər kimi göstərib – 352 nəfər. Pişik sevənlər isə cəmi 66 nəfər olub. Qalanlar hər iki heyvanı eyni dərəcədə sevdiyini və ya heç birinə üstünlük vermədiyini bildirib.

Sorğudan əlavə iştirakçılar 16PF şəxsiyyət testi keçib və idrak qabiliyyətini ölçən tapşırıqları yerinə yetiriblər. Nəticələr iki qrup arasında kiçik, lakin statistik baxımdan əhəmiyyətli fərq göstərib. Pişik sevənlər orta hesabla ümumi intellekt göstəricilərində bir qədər yüksək nəticə əldə ediblər.

"Təhlillərimizə görə, itlər daha geniş sosial təbəqəyə müraciət edir və müxtəlif düşünmə qabiliyyətinə malik insanlara xoş gəlir. Pişiklər isə daha çox yüksək analitik qabiliyyətə malik insanlara maraqlı olur”, deyə tədqiqat müəllifləri bildiriblər.

Alimlərə görə, fərqin səbəblərindən biri də yaradıcılıq və abstrakt düşünmə qabiliyyətidir ki, pişik sahiblərində bu daha yüksək müşahidə olunub.

Tədqiqatçılar hər iki qrupun tipik xüsusiyyətlərini də qeyd ediblər. İtsevərlər daha çox ekstrovert, enerjili və sosial aktiv olurlar. Pişiksevərlər isə daha introvert, tək qalmağı sevən və fərdiyyətçi meyllərə sahib olurlar.

"Abstrakt düşünmə” göstəricisinə ayrıca diqqət yetirilib: bu, fantaziya, yaradıcılıq və intellektual maraqla bağlıdır. Məhz bu göstəricidə pişik sevənlər daha yüksək nəticə göstərib və müəlliflər bunu qruplar arasındakı intellekt fərqinin mümkün izahı kimi təqdim ediblər.

Aydın
--> -->