Xəbər lenti

Renyiq Li: Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük
Ölkə 15:21 18.05.2026

Renyiq Li: Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük

WUF13 müxtəlif ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır. Belə mötəbər tədbirin iştirakçısı olmaq böyük şərəfdir. Forum dünya üzrə QHT-lər arasında beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan QHT-lərinin Beynəlxalq Platformasının dəvəti ilə ölkəmizə gələn Çinin "Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının nümayəndəsi Renyiq Li deyib.

O vurğulayıb ki, Azərbaycan son onilliklər ərzində sürətli inkişaf yolu keçib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə son 30 ildə Azərbaycan böyük tərəqqi əldə edib”.

R.Linin sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti Qarabağa gedərək, orada aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olublar: "Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük. 30 il əvvəl bu torpaqları tərk etməyə məcbur olmuş insanlar bu gün dövlətin dəstəyi ilə yeni və müasir evlərlə təmin edilirlər”.

Renyiq Li Çin tərəfinin Azərbaycan təşkilatları və QHT Platforması ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu da diqqətə çatdırıb: "Çin böyük ölkədir və burada bir milyondan çox QHT fəaliyyət göstərir. Azərbaycan təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsində, dostluq münasibətlərinin və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında maraqlıyıq”.

O, Azərbaycan xalqına firavanlıq arzulayıb: "Ürəkdən arzu edirəm ki, Azərbaycan daha da inkişaf etsin, dünyanın ən gözəl ölkələrindən birinə çevrilsin, Bakı isə dünyanın ən gözəl şəhərlərindən biri olsun”.

--> -->