Dayanıqlı inkişaf və inklüziv planlaşdırma müasir şəhərsalmanın prioritetləri sırasındadır.
Bu fikri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən "Arup” şirkətinin şəhər planlaşdırılması və dizaynı üzrə direktoru Alis Çarles deyib.
O qeyd edib ki, şirkətin 97 ofisi var və 144 ölkədə layihələr həyata keçirir. WUF13 kimi beynəlxalq platformalar şəhərsalma sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.
"Şəhərlərdə yaşayan əhalinin artması fonunda dayanıqlı və inklüziv şəhərlərin yaradılması xüsusi aktuallıq kəsb edir. Belə tədbirlər hökumətlər, şəhərlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında dialoqu gücləndirir və mənzil böhranı kimi qlobal problemlərin həllinə töhfə verir”, – deyə o əlavə edib.
A. Çarles vurğulayıb ki, Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində böyük potensialı var. O, Bakının memarlığını və şəhər mühitini də yüksək qiymətləndirib. Onun fikrincə, əsas diqqət şəhərin dayanıqlığının artırılmasına, ictimai nəqliyyat sisteminin genişləndirilməsinə və karbon emissiyalarının azaldılmasına yönəldilməlidir. Bu istiqamətlər üzrə tədbirlər həm nəqliyyat, həm də enerji və tikinti sektorlarını əhatə etməlidir.
Şərhlər