Xəbər lenti

Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)
Ekonomiks 12:53 18.05.2026

Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)

"Kənd yumurtasının qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, qış aylarında Azərbaycanda gündəlik 120 min kənd yumurtası istehsal olunur, yay aylarında isə bu rəqəm 360 minə çatır:

"İki gün əvvəl bizə Gəncədən kənd yumurtasını 25 qəpiyə göndərmişdilər. Kənd yumurtasının qış aylarında bahalaşmasının müəyyən səbəbləri var. Kənd toyuğu yay aylarında təxminən hər 24 saatdan bir yumurta qoyur. Qış aylarında isə bu müddət bəzən 70 saata qədər uzanır. Çünki  yumurtanın əmələ gəlməsi üçün lazım olan azot və mineralları kifayət qədər ala bilmir".
 


Mürvət Həsənli bildirib ki, yay aylarında toyuqlar bu maddələri təbii şəkildə torpaqdan əldə edir:

"Ona görə də hər gün yumurtlayırlar. Qışda yumurta bahalaşır, yayda isə ucuzlaşır. Əgər qış aylarında toyuqlar isti şəraitdə saxlanılsa və lazım olan mineral-vitaminləri vaxtında alsalar, hər gün yumurta verə bilərlər. Məsələ ilə bağlı bir neçə rayon və kənd sakini ilə əlaqə saxlanılıb. Verilən məlumata görə, hazırda kənd yumurtasının bir ədədinin qiyməti 20-25 qəpik arasında dəyişir. Bəzi kəndlərdə isə qiymətin 18 qəpiyə qədər endiyi bildirilir".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə kənd yumurtasının qiymətinin bahalaşması ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Bahar Rüstəmli
--> -->