Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı ilk dəfə ölkəmizdə 2023-cü ildə təşkil olunuv. Artıq ikinci dəfə keçirilən festivalda ölkə üzrə bu il 25000-dən, regionumuzda isə 600-dən çox uşaq qeydiyyatdan keçib.
Uşaq İncəsənət Festivalında yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan uşaqlar peşəkar və həvəskar kateqoriyalar üzrə yarışırlar.
Festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə təşkil olunur.
15 may 2025-ci il tarixində Uşaq İncəsənət Festivalı çərçivəsində növbəti ustad dərsləri Şamaxıda təşkil olunub. Belə ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhərrəm Əliyev tərəfindən keçirilən ustad dərsində rəssamlıq sinfində təhsil alan 45-dən çox şagird iştirak edib.
Həmçinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ifalarından ibarət konsert proqramı, "Mədəniyyət uşaqların gözü ilə" adlı panel müzakirəsi təşkil olunub. Bundan başqa festival iştirakçıları tanınmış xəttat Gülxan Bəydəmirlinin təqdimatında xətt sənəti ilə tanış olublar.
Festival abu-havasında bəzədilmiş Şamaxı Musiqiçilər bağında isə rəsm əsərləri və sənətkarların əl işlərindən ibarət müxtəlif sərgilər təşkil olunub, xalçaçılıq və qurama sənəti üzrə ustad dərsləri keçirilib, festival iştirakçılarına 100-dən çox kitab hədiyyə olunub.
Şərhlər