Bioloqlar dünya okeanının dibində yaşayan yüzlərlə yeni dəniz canlısı növü aşkar ediblər. Son bir il ərzində ümumilikdə 1121 yeni növ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News” məlumat yayıb.
Nippon Foundation – Nekton Ocean Census təşkilatının alimləri bu nəticəni okean tədqiqatlarında böyük irəliləyiş kimi qiymətləndirirlər. Onların sözlərinə görə, belə kəşflər Yer ekosisteminin qorunması üçün mühüm əhəmiyyət daşıyır. Hesabatlara əsasən, illik yeni növ aşkarlanma göstəricisi 54% artıb.
Aşkar edilən canlılar arasında müxtəlif növ mərcanlar, xərçənglər, krevetlər, dəniz kirpiləri və aktiniyalar var. Bu orqanizmlərin bəziləri 6 kilometrdən daha dərin sularda yaşaya bilir.
Avstraliyadakı Böyük Baryer rifinin yaxınlığında tədqiqatçılar "xəyal köpəkbalığı” kimi tanınan kimera növünü müşahidə ediblər. Bu canlılar köpəkbalığı və skatların uzaq qohumlarıdır və təkamül baxımından təxminən 400 milyon illik tarixə malikdir.
Bundan əlavə, Yaponiyaya yaxın sualtı vulkanik dağlarda şüşə süngərlərin içində yaşayan nadir qurd növləri tapılıb. Fransanın Marsel şəhəri yaxınlığında isə narıncı zolaqlı yeni növ dəniz kreveti aşkarlanıb.
Ümumilikdə 13 böyük ekspedisiya dünyanın ən uzaq okean bölgələrində aparılıb. Alimlər bildirirlər ki, bu əməkdaşlıq sayəsində həm qütb, həm də tropik dəniz ekosistemləri araşdırılıb.
Hazırkı hesablamalara görə, okean canlılarının təxminən 90%-i hələ də tam öyrənilməyib. Yeni növün tapılmasından onun elmi olaraq rəsmi təsvirinə qədər orta hesabla 13 il vaxt keçir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bir çox dəniz canlısı elmi şəkildə qeydə alınmadan əvvəl yox ola bilər.
Aydın
Şərhlər