Xəbər lenti

Bakı-Tiflis qatarında biletlərin qiymətləri necə müəyyənləşdirilir? (ŞƏRH)
Ekonomiks 21:15 20.05.2026

Bakı-Tiflis qatarında biletlərin qiymətləri necə müəyyənləşdirilir? (ŞƏRH)

"Bakı-Tiflis-Bakı qatarında biletlərin qiymətləri müvafiq dövlət qurumu tərəfindən xərclər nəzərə alınmaqla müəyyənləşdirilir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputatın sözlərinə görə, burada sərnişindaşıma xərcləri əsas götürülür:

"Yəni hər bir sərnişinin daşınması üçün mövcud və ya tələb olunan xərclərə uyğun olaraq qiymət müəyyənləşdirilir. Ümumilikdə qiymətin formalaşması maya dəyəri və xərclər əsasında həyata keçirilir. Ona görə də Azərbaycan Dəmir Yolları tərəfindən xərclər hesablanır, maya dəyəri nəzərə alınmaqla qiymət müəyyən edilir".


 
Vüqar Bayramov əlavə edib ki, Azərbaycan və Gürcüstan paytaxtları arasında sərnişin qatar xidmətinin bərpası müsbət haldır:

"Bu, vətəndaşlarımızın gediş-gəlişini asanlaşdıracaq və iki ölkə arasında hərəkətliliyin artmasına şərait yaradacaq. Birmənalı şəkildə ölkələrarası turizmin inkişafına da töhfə verəcək. Xüsusilə nəzərə alsaq ki, son dövrlərdə regionda qatarla səyahətə marağın ciddi şəkildə artması müşahidə olunur".
 
Qeyd edək ki, Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqladığı məlumata görə, minimum qiymətlər Yevlax–Tiflis üzrə 67 manat, Gəncə–Tiflis üzrə 62 manat, Ağstafa–Tiflis üzrə 57 manat, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.

Bahar Rüstəmli

--> -->