Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkələrin bir-birini daha yaxşı tanımasına kömək edəcək.
Bunu WUF13 çərçivəsində Trend-ə açıqlamasında Mozambikin Matola bələdiyyəsinin nümayəndəsi Manuel Nhanzimo deyib.
"Dünyanın elə regionları var ki, burada informasiya və biliklər hələ də kifayət qədər səmərəli şəkildə yayılmır. Məhz buna görə WUF13 xüsusi əhəmiyyət daşıyır. Dünya iqlim dəyişikliyi, iqlim proqramları və mənzil təşəbbüslərinin maliyyələşdirilməsinə məhdud çıxış kimi ciddi çağırışlarla üz-üzədir”, – deyə o bildirib.
M.Nhanzimonun sözlərinə görə, bu gün dünya enerji böhranı yaşadığı bir dövrdə bəşəriyyətin gələcəyi barədə açıq danışmaq hər zamankindən daha vacibdir. Bu elə bir gələcəkdir ki, insanlar özlərini ayrı-ayrı cəmiyyətlər deyil, vahid dünya birliyinin üzvləri kimi qəbul edəcəklər.
Qeyd edək ki, WUF13 mayın 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Şərhlər