Qalileo Qaliley 1610-cu il yanvarın 7-də öz əl istehsalı teleskopu ilə Yupiterin peyklərini müşahidə edərkən bəşəriyyətə ilk dəfə olaraq Yer ətrafında fırlanmayan səma cisimlərinin mövcudluğunu göstərən sübutlar təqdim etmişdi. Ulduz paralaksının müşahidə edilməsi üçün - Ptolemeyin Günəş və planetlərin Yer ətrafında fırlandığı köhnə modelinə son zərbəni vuran əsas sübut üçün – əsrlər lazım olsa da, bu kəşf kosmosda bəzi cisimlərin Yer ətrafında fırlanmadığını göstərdi və heliosentrik modelin kainatı daha yaxşı izah edə biləcəyini ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFL Science" yazır.
Lakin sonrakı kəşflər vəziyyəti daha da mürəkkəbləşdirərək göstərib ki, Yupiter texniki olaraq Günəş ətrafında deyil, Günəşdən kənarda yerləşən bir nöqtə ətrafında fırlanır.
Kütlə baxımından Günəş öz sisteminin 99,86 faizini təşkil edir, qalan 0,14 faizi isə planetlər, cırtdan planetlər, peyklər, kometlər və asteroidlərdən ibarətdir. Lakin cazibə qüvvəsi yalnız bir tərəfli deyil: Yer sizi özünə çəkdiyi kimi, siz də Yeri cüzi şəkildə özünüzə çəkirsiniz. Eyni prinsip planetlər və Günəş arasında da keçərlidir. Buna görə də obyektlər təkcə bir-birinin ətrafında deyil, ümumi kütlə mərkəzi – barisentir ətrafında hərəkət edir.
Yupiter Günəş sistemindəki planetlər arasında ən böyük kütləyə malikdir (Günəş istisna olmaqla ümumi kütlənin təxminən 70 faizi) və bu səbəbdən Yupiter–Günəş sisteminin barisentri Günəşin daxilində deyil, onun səthindən kənarda yerləşir.
Yer və Ay sistemində də oxşar vəziyyət mövcuddur: onlar da ümumi barisentir ətrafında fırlanır və bu nöqtə Yerin mərkəzindən təxminən 5000 kilometr məsafədə yerləşir.
NASA-nın məlumatına görə:
"Yupiter Yerdən xeyli böyükdür. Onun kütləsi 318 dəfə daha çoxdur. Nəticədə Yupiter–Günəş sisteminin barisentri Günəşin mərkəzində deyil. Əslində o, Günəşin səthindən kənarda yerləşir. Günəş sistemimiz bütövlükdə də bir barisentirə malikdir. Günəş, Yer və bütün planetlər həmin kütlə mərkəzi ətrafında fırlanır".
Yupiter və Saturn kimi qaz nəhənglərinin böyük kütləsi səbəbindən Günəş sisteminin barisentri çox vaxt Günəşin mərkəzindən kənarda yerləşir. Bu isə o deməkdir ki, sadələşdirilmiş "bütün planetlər Günəş ətrafında fırlanır” təsəvvürü texniki baxımdan tam dəqiq deyil.
Əslində bütün sistem – Günəş də daxil olmaqla – ümumi kütlə mərkəzi ətrafında hərəkət edir və bu nöqtə bəzən Günəşin içində, bəzən isə onun xaricində yerləşir. Yupiter kimi böyük kütləyə malik cisimlər isə bu balansı daha da dəyişir.
Aydın
Şərhlər