Xəbər lenti

Hindistanın Azərbaycandakı səfiri Ayurveda Mərkəzində oldu
Ölkə 22:07 12.05.2026

Hindistanın Azərbaycandakı səfiri Ayurveda Mərkəzində oldu

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Şabran şəhərində yerləşən Ayurveda Mərkəzini ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində diplomat mərkəzdə çalışan hindistanlı mütəxəssislər – ayurveda həkimləri, terapevtlər və aşpazlarla görüşüb. Səfir onların Azərbaycanda holistik sağlamlıq və ənənəvi hind təbabətinin təşviqi istiqamətində gördükləri işi yüksək qiymətləndirib.

A.Kumar mərkəzin rəhbəri Teymur Hacıbəyov ilə ölkədə Ayurveda sahəsində maarifləndirmə, təlim və ictimai təşəbbüslərin genişləndirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə sağlamlıq turizmi, mədəni mübadilə və ənənəvi tibb sahəsində tərəfdaşlıq vasitəsilə insanlararası əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub.

Beş min ildən artıq tarixə malik Ayurveda dünyanın ən qədim holistik müalicə sistemlərindən biri hesab olunur. Şabrandakı mərkəz Azərbaycanda bu sahədə autentik təcrübə təqdim edən ilk platformadır. Qeyd edək ki, mərkəz "Shabran Wellbeing Resort" kompleksinin ərazisində yerləşir. Sözügedən kompleks 2022-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Ayurvedanın Şabranda tətbiqi Azərbaycanın İpək Yolu üzərində müxtəlif müalicə ənənələrinin qovuşduğu tarixi roluna uyğun gəlir. Səfir A.Kumarın ziyarəti iki ölkə arasında səhiyyə və holistik rifah sahələrində artan qarşılıqlı marağı vurğulayıb.
--> -->