Xəbər lenti

Bu ölkədə əhali eyvanda paltar qurutmağa görə 1500 avro cərimələnəcək
Dünya 18:29 12.05.2026

Bu ölkədə əhali eyvanda paltar qurutmağa görə 1500 avro cərimələnəcək

İspaniyanın bəzi şəhərlərində eyvanlarda paltar qurutmağa görə sakinlər və turistlər yüksək məbləğdə cərimələnə bilər. Yerli hakimiyyət bu qərarı "antisosial davranışın qarşısını almaq” və şəhərlərin estetik görünüşünü qorumaq məqsədi ilə əsaslandırır.

Qaynarinfo-nun "The Olive Press” nəşrinə istinadən məlumatına görə, Lorca şəhərində küçəyə baxan eyvanlarda paltar asılması 1500 avroyadək cərimə ilə nəticələnə bilər. Qərar şəhər şurası tərəfindən təsdiqlənib.

Şəhər rəhbərliyi bildirir ki, küçədən görünən fasadların və eyvanların vəziyyəti ümumi şəhər görüntüsünə birbaşa təsir göstərir.

Şəhər meri Fulgencio Gil qeyd edib ki, yeni qaydalar "nümunəvi davranışı təşviq etmək” məqsədi daşıyır və ictimai təşkilatlar tərəfindən dəstəklənib.

Qaydalara əsasən, pozuntunun dərəcəsindən asılı olaraq cərimələr 151 avrodan 1500 avroyadək dəyişir.

Digər şəhərlərdə də oxşar məhdudiyyətlər var

Vigo şəhərində də küçədən görünən eyvanlarda paltar qurutmaq, paltar çırpmaq, yuyucu suyu küçəyə tökmək və piyadalar üçün təhlükə yarada biləcək əşyalar asmaq qadağan edilib. Cərimələr 750 avroyadək çata bilər.

Lleida, Tarragona və Girona şəhərlərində də eyvanlarda paltar qurutmağa dair xüsusi qaydalar mövcuddur.

Barselona şəhərində isə bu sahədə qaydaların daha da sərtləşdirilməsi planlaşdırılır. Şəhər rəhbərliyi küçədən görünən yerlərdə paltar asılmasına görə 750 avroyadək cərimə tətbiq etməyi nəzərdən keçirir. Məqsəd tarixi binaların estetik görünüşünü qorumaqdır.

Madrid şəhərinin şəhərsalma qaydalarında isə qeyd olunur ki, paltar asma sistemləri küçədən görünməyəcək şəkildə qurulmalı, eyvanlara birbaşa yerləşdirilməməlidir.

Qeyd edək ki, İspaniya son dövrlərdə həm yerli sakinlər, həm də turistlər üçün müxtəlif sərt qaydalar tətbiq edir. Daha əvvəl "istədiyin qədər ye” sistemi ilə işləyən restoranlardan birində yeməyi israf edən müştərilərə cərimə tətbiq edilməsi, həmçinin velosiped sürərkən qulaqcıqdan istifadə edən şəxslərin də cərimələnməsi ilə bağlı hallar qeydə alınıb.
 
Günay
--> -->