Xəbər lenti

Sui-qəsd nəzəriyyəsi, yoxsa rəqabət ehtiyacı: İnsanlar niyə 50 ildən çoxdur Aya uçmur?
Dünya 22:10 12.05.2026

Sui-qəsd nəzəriyyəsi, yoxsa rəqabət ehtiyacı: İnsanlar niyə 50 ildən çoxdur Aya uçmur?

Son dövrlərdə həyata keçirilən "Artemis-2” kosmik missiyası fonunda bir çox insan belə sual verir: insanlar həqiqətən Ayda olublarmı və niyə o vaxtdan bəri ora qayıtmayıblar? Həqiqətən də texnologiyanın onilliklər ərzində inkişaf etməsinə baxmayaraq, Yer orbitindən kənara pilotlu uçuşlar hələ də nadir hadisə olaraq qalır və bu da müxtəlif konspiroloji (sui-qəsd) nəzəriyyələri gücləndirir.

Qaynarinfo xəbər verir ki, "CNN Science” ekspertləri Ay səthinə yenidən enişin hansı risklərlə əlaqəli olduğunu, amerikalıların kosmik texnologiyaların bir hissəsini itirməsi barədə deyilənlərin nə dərəcədə doğru olduğunu və son illərdə Ay missiyalarına marağın niyə artdığını izah ediblər.

Ayda həqiqətən kim olub? - Həqiqətlə mif arasında

Skeptik yanaşmalara baxmayaraq, insanın Ay səthinə enişini təsdiqləyən çoxsaylı danılmaz sübutlar mövcuddur.

Birincisi, Yerə təxminən 400 kiloqram Ay torpağı gətirilib və bu nümunələr müxtəlif ölkələrin, o cümlədən SSRİ-nin laboratoriyalarında araşdırılıb. Belə həcmdə materialın pilotsuz aparatlarla daşınması texniki baxımdan mümkün hesab edilmir.

İkincisi, sovet alimləri Ay səthindən real vaxt rejimində yayımlanan televiziya siqnalını qəbul edərək onun 400 mindən çox kilometr məsafədən ötürüldüyünü təsdiqləyiblər.

Bundan əlavə, Ay səthində amerikalılar tərəfindən quraşdırılmış lazer retroreflektorları bu gün də fəaliyyət göstərir. Yer üzündən həmin güzgülərə lazer şüaları göndərilərək Aya qədər olan məsafə dəqiq ölçülür. Mütəxəssislər qeyd edirlər ki, bu avadanlığın quraşdırılması insan iştirakı olmadan mümkün olmazdı.

Niyə NASA Ay uçuşlarını dayandırdı?

1972-ci ildə "Apollo” proqramı başa çatdıqdan sonra pilotlu Ay missiyaları bu ilin aprel ayına qədər — tam 56 il müddətində dayandırılmışdı.

Mütəxəssislərin fikrincə, bu qədər uzun fasilənin əsas səbəbi texnologiya deyil, siyasət olub. Ay proqramları uzunmüddətli maliyyələşmə və dəqiq müəyyən edilmiş məqsədlər tələb edirdi. ABŞ-də daxili siyasi dəyişikliklər və SSRİ ilə kosmik yarışın başa çatması isə bu sabitliyi pozurdu.

Niyə insanlar 40 ildən çoxdur Aya uçmurlar? - "İtirilmiş texnologiyalar"

Ay proqramlarının gecikməsinin əsas səbəblərindən biri uzunmüddətli kosmik strategiyanın olmaması hesab edilir.

NASA-nın prioritetləri ABŞ-da hakimiyyət dəyişdikcə tez-tez dəyişirdi. Bəzi prezidentlər Aya qayıdışı prioritet elan edərək büdcədən maliyyə ayırır, digərləri isə bu proqramları ixtisar edirdilər.

Nəticədə bir çox layihələr ya bağlanır, ya da sıfırdan yenidən başlayırdı. Məsələn, Corc Buş administrasiyası dövründə 2004-cü ildə "Constellation” proqramı yaradılmış, daha sonra Barak Obama tərəfindən ləğv edilmiş, sonradan isə "Artemis” proqramı çərçivəsində başqa formada yenidən bərpa olunmuşdu.

Məqalədə vurğulanır ki, tarix boyu pilotlu Ay enişini yalnız ABŞ həyata keçirib və bu, altı dəfə baş verib. Hazırda isə Ay səthinə insan göndərməyi əsasən ABŞ və Çin planlaşdırır.

Ekspertlərin sözlərinə görə, "Apollo” proqramını əvvəlki formada təkrarlamaq mümkün deyil. Səbəb texnologiyaların itirilməsi yox, müasir təhlükəsizlik standartlarının daha sərt olmasıdır. Müasir missiyalar daha mürəkkəb elektronika, təhlükəsizlik sistemləri və hesablama gücü tələb edir. 1970-ci illərdə isə həm ABŞ, həm də SSRİ siyasi rəqabət səbəbindən daha böyük risklərə gedirdi.

Bu gün də Aya uçuş yüksək riskli hesab olunur. Ay səthinə eniş cəhdlərinin yarıdan çoxu uğursuzluqla nəticələnib. "Challenger” və "Columbia” şatl qəzalarından sonra isə təhlükəsizlik tələbləri daha da sərtləşdirilib.

ABŞ 2026-cı ildə Aya qayıtmağa hazırlaşır - Yeni yarış başlayır

Mütəxəssislər qeyd edirlər ki, insanların neçə dəfə Ayda olmasından daha vacib məsələ gələcək missiyaların məqsədidir. Astronavtlar artıq 25 ildən çoxdur Beynəlxalq Kosmik Stansiyada yaşayır və çalışırlar. Onların təcrübəsi gələcək Ay missiyalarının hazırlanmasında aktiv istifadə olunur.

Müasir proqramların əsas məqsədi artıq təkcə Ay səthinə eniş etmək deyil, uzunmüddətli insan fəaliyyəti üçün infrastruktur yaratmaqdır. Bu səbəbdən yeni eniş modulları Ayda qalacaq və gələcəkdə daimi bazaların və elmi stansiyaların bir hissəsinə çevriləcək şəkildə hazırlanır.

Bundan əlavə, kommersiya sektorunun rolu da artıb. NASA artıq "SpaceX” və "Boeing” kimi özəl şirkətlərlə əməkdaşlıq edir. Çünki bu şirkətlər xərclər və nəticələr baxımından effektiv olduqlarını sübut ediblər.

Məqalədə qeyd olunur ki, "Apollo” dövründən fərqli olaraq, ABŞ-ni yenidən Ay proqramlarına sövq edən əsas amil siyasi rəqabətdir.

ABŞ "Artemis Accords” adlı beynəlxalq sazişlər formalaşdırır və onlarla müttəfiq ölkə bu təşəbbüsə qoşulub. Çin isə 2030-cu ilə qədər öz pilotlu Ay enişini həyata keçirməyi planlaşdırır.

Rəsmi olaraq məqsəd kosmosun sülh yolu ilə tədqiqi olsa da, yeni kosmik dövrdə liderlik uğrunda rəqabətin gücləndiyi vurğulanır. Bu isə insanın yenidən Aya qayıdışı üçün əlavə stimul hesab olunur.

Aydın

--> -->