Xaçmazda 298 nəfərin ümumilikdə 578.989,26 manat ünvanlı dövlət sosial yardım almasına şərait yaradan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş Zamiq İ. barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Zamiq 2017-ci ildə bibisi oğlu, Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini İsmayıllı Naib Sahib oğlunu işlə təmin etdirəcəyinə söz verərək onun adına VÖEN açıb və fərdi sahibkar kimi qeydiyyatdan keçirib. Həmçinin Naibin adına rəsmiləşən "ASAN İmza"nı ona verməsini xahiş edib.
Naib öz adına olan "ASAN İmza"nı təqsirləndirilən şəxsə təqdim etdikdən sonra Zamiq ondan istifadə edərək 2017-2020-ci illəri əhatə edən dövrdə ünvanlı dövlət sosial yardım almaq üçün ona müraciət edən 298 nəfərlə əmək müqaviləsi bağlanması barədə məlumatı əmək müqaviləsi bildirişi altsisteminə (ƏMBAS) daxil edib. Həmin şəxsləri fərdi sahibkar İsmayıllı Naib Sahib oğlunun guya Xaçmaz rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsinə fəhlə kimi işə qəbul etirməklə onların dövlətdən ümumilikdə 578.989,26 manat almasına köməklik göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yarım milyon manatdan çox ziyan vuran Zamiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, 298 nəfərlə faktiki iş yeri olmadan formal müqavilələr bağlayıb, nəticədə onlara ünvanlı sosial yardım verilməsinə yarımçı olduğunu deyib. Sosial yardım alanlar arasında öz qohumları da olub.
Zamiq deyib ki, savadsız olduğu üçün ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə müxtəlif şəxslərin fərdi sahibkar Naibin kənd təsərrüfatı sahəsinə formal olaraq işçi kimi qəbul edilməsinin cinayət olduğunu bilməyib.
Məhkəmənin hökmü ilə Zamiq 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cəzaçəkmə müddətinin əvvəli 2023-cü il tarixdən hesablanıb.
Aydın
Şərhlər