Mer həyat yoldaşı ilə mübahisə edən bütün polis əməkdaşlarını işdən azad edib
ABŞ-da Corciya ştatının şimalında yerləşən kiçik Koxutta şəhərində mer Ron Şinnik həyat yoldaşı Pam ilə mübahisə edən bütün polis əməkdaşlarını işdən azad edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Complex” məlumat yayıb.
Bildirilir ki, şəhər qəfil olaraq polis idarəsiz qalıb. Mer 10 nəfərlik polis departamentinin bütün əməkdaşlarını işdən çıxarıb. Mübahisə merin həyat yoldaşı Pam Şinniklə polis əməkdaşları arasında yaranmış gərginlikdən sonra baş verib. Pam həmin vaxt polis bölməsində katib kimi çalışıb.
Yerli medianın məlumatına görə, mübahisənin kökündə Pamın "iş yerində düşmən mühit yaratdığı” səbəbilə işdən azad edilməsi dayanır. Lakin polis əməkdaşları onun hələ də məxfi məlumatlara çıxışının olduğunu iddia ediblər. Onlar mer, polis rəhbərliyi və şəhər prokurorunun iştirakı ilə keçirilən görüşdə rəsmi şikayət təqdim ediblər. Həmin görüşdə onlara iş yerlərinin təhlükəsiz olduğu vəd edilib.
Bununla belə, bir neçə gün sonra əməkdaşlar polis departamentinin ləğvi ilə bağlı bildirişlər alıblar. Mer daha sonra qərarın polis əməkdaşlarının onun həyat yoldaşı barədə "uyğun olmayan açıqlamaları” ilə bağlı olduğunu bildirib.
Şikayət edən sabiq serjant Ceremi Mey bu addımı qisas kimi qiymətləndirib və qərarın "yenidən təşkilatlanma” adı altında verildiyini deyib.
"Biz şəffaflıq tələb etdik və nəticədə hamımız işimizi itirdik”, deyə o bildirib.
Hazırda Koxutta şəhərində hüquq-mühafizə funksiyalarını Uitfild dairəsinin şerif ofisi həyata keçirir. Keçmiş polis əməkdaşları daha böyük əraziyə xidmət göstərən bu qurumun yükü idarə etməkdə çətinlik çəkəcəyindən narahatdırlar. Mer isə kütləvi işdən çıxarılmanı "dəyişiklik dövrü” adlandırıb və əməkdaşların maaş almağa davam edəcəyini bildirib.
Aydın
Şərhlər