Babil sivilizasiyası tarixə dair çoxsaylı sənədlər qoyub, çünki onlar papirus və ya perqamentdən daha yaxşı qorunan gil üzərində yazırdılar. Lakin bütün gil lövhələri dərhal oxumaq mümkün olmayıb. Onlar deşifrə edildikcə isə 3000 il əvvəl yaşamış insanların həyatı haqqında maraqlı məlumatlar üzə çıxır.
Qaynarinfo "KomputerSwiat" portalına istinadən xəbər verir ki, Britaniya Muzeyində artıq bir əsrdən çoxdur Babil dövrünə aid gil lövhələr kolleksiyası saxlanılır, lakin alimlər uzun müddət onları tam oxuya bilməyib. Süni intellektin köməyi isə mixi yazıların məzmununu anlamağa imkan verib. Məlum olub ki, bunlar Ay tutulmaları ilə bağlı fəlakətlər barədə qaranlıq öncəgörmələrdir.
Söhbət qədim Babil dövlətinin ərazisində, indiki İraq ərazisində yerləşmiş zəngin Sippar şəhərindən tapılan dörd lövhədən gedir. Lövhələr təxminən e.ə. 1200-cü ilə aid edilir. Tədqiqatçılar uzun müddət qədim mixi yazını tam oxuya bilməsələr də, Şİ əsaslı yeni analiz metodları mətnlərin məzmununu üzə çıxarıb.
Babil əhalisi Ay tutulmalarını təkcə astronomik hadisə deyil, həm də fövqəltəbii qüvvələrin işarəsi və fəlakət xəbərçisi kimi qəbul edirdi. Deşifrə edilən lövhələr isə əslində tutulmaların necə şərh olunmalı olduğunu izah edən "təlimatlar” olub.
Lövhələrdən birində belə yazılır: "Səhər növbəsində baş verən tutulma – sülalənin sonudur”.
Digər qeyddə daha da qaranlıq proqnoz yer alır: "Əgər tutulma qəfil şəkildə mərkəzini tam örtüb sonra birdən aydınlaşarsa: hökmdar öləcək və Elam məhv ediləcək”.
Başqa bir lövhə epidemiyalar və daşqınlar barədə xəbərdarlıq edir. Mətndə deyilir: "Axşam baş verən tutulma taun deməkdir. Əgər tutulma pis istiqamətdə olarsa, heç nə xilas etməyəcək, hər yeri daşqın bürüyəcək”.
Müasir tədqiqatçılar isə hesab edirlər ki, nüfuzlu Babil elitası bu işarələrə tam kor-koranə inanmırdı və astrologiyadan daha çox siyasi alət kimi istifadə edirdi. Təbiət hadisələrini "düzgün” şərh etməklə həm qərarlar yönləndirilir, həm də uğursuzluqlar əsaslandırılırdı.
Aydın
Şərhlər