Xarici mətbuatın yazdığına görə, G7 ölkələri Rusiyadan dəniz yolu ilə ixrac edilən neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi ilə bağlı razılığa gəliblər. Onların yaydığı bəyanatda deyilir ki, "Böyük yeddilik” Avstraliya ilə birlikdə Aİ-i ilə birləşir və Rusiyadan dəniz yolu ilə tədarük edilən neftin bir barelinin yuxarı həddini 60 dollar olaraq qəbul edir. ABŞ-ın maliyyə naziri Canet Yellen isə qeyd edib ki, belə bir addım bir tərəfdən Rusiyanın gəlirlərini məhdudlaşdıracaq, digər tərəfdən isə dünyada "enerji təchizatının sabitliyini qoruyacaq".
Qeyd edək ki, Avropa İttifaqı ölkələri də Rusiya neftinin yuxarı qiymət həddinin 60 dollar səviyyəsində müəyyən edilməsi barədə razılığa gəliblər. Hazırda bir barel neftin dünya bazarında qiyməti 80-90 dollar arasında dəyişir.
Kollektiv Qərbin atdığı bu addım neftin qiymətinə necə təsir edəcək? Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban qeyd edib ki, dekabrın 5-dən sonra məsələ tam bəlli olacaq:
"Əlbəttə ki, Qərbin Rusiya neftinə münasibətdə 60 dollarlıq hədd müəyyənləşdirməsi neftin bazar qiymətinə təsir göstərəcək. Ancaq bunu birjaların reaksiyası fonunda bazar ertəsi biləcəyik. Şənbə günü və bazar ertəsi səhər bununla bağlı bir sıra ölkələrin bazara təsir edəcək şəxslərin açıqlamalarının olacağını düşünürəm. Hər halda, Qərbin razılaşdırdığı bu addımın bazarda ilkin qəbulu emmosional olacaq. İstənilən halda, kollektiv Qərb tərəfindəna atılan addımlar neftin qiymətinin ucuzlaşmasına yönəlib. Əks təqdirdə, bu gün bazarda həftə ərzində 80-90 dollar səviyyəsində ticarət dövriyyəsini deyil, 120-130 dollar arasındakı rəqəmi görərdik. Dekabrın 5-də OPEK+ çərçivəsində də növbəti görüş olacaq. Həmin görüşdən çıxacaq qərarların da bazara ciddi təsiri olacaq. Yəni iki hadisə bir-birinin üstünə düşdüyündən neftin qiymət əmsalında hansı amilin digərini üstələyəcəyini indidən söyləmək çətindir. Çünki hər ikisi çox vacib addımdır. Ancaq istənilən halda, qiymətlərin 90 dollardan aşağı həddini müşahidə etməkdəyik”.
Rüfət Sultan
Şərhlər