Xəbər lenti

Biləsuvarda məcburi köçkün qəsəbələrindəki evlərin təmirinə hər il nə qədər pul xərclənir?
Ekonomiks 17:20 14.05.2026

Biləsuvarda məcburi köçkün qəsəbələrindəki evlərin təmirinə hər il nə qədər pul xərclənir?

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir ediləcək. 

Qaynarinfo xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti bununla bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Real-İnşaat" MMC seçilib. Təmir işlərinə görə şirkətə 454 937,49 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Real-İnşaat" MMC 27 noyabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 manatdır. Hüquqi ünvanı Göyçay şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4/2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Nərimanov Emin Fəxrəddin oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Real-İnşaat" MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Namiq Gülosman oğlu olub. Namiq Hacıyev "Magna Trans" şirkətinin həmtəsisçisidir. 
Namiq Gülosmanovdan sonra "Real-İnşaat" MMC-nin qanuni təmsilçisi Ağayev Mirzahid Mirsahib oğludur. Mirzahid Ağayev "Magna Trans" MMC-nin qanuni təmsilçisidir. O, bundan əvvəl "Akkord" şirkətində şöbə müdiri vəzifəsində çalışıb. 

Ehtimal olunur ki, Namiq Hacıyev "Real-İnşaat" MMC-nin təsisçilərindən biridir. 

"Real-İnşaat" MMC ötən il də Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirini həyata keçirib. Həmin vaxt təmir işlərinə 271 161,29 manat ayrılıb. 

Seyid

--> -->