Xəbər lenti

Texnologiya müharibəsində gözlənilməz yumşalma:
Dünya 18:41 14.05.2026

Texnologiya müharibəsində gözlənilməz yumşalma: "Nvidia" üçün Çin yolu açılır

ABŞ və Çin arasında çip gərginliyi Donald Trampın Pekinə səfəri ilə yeni mərhələyə keçib. 

Qaynarinfo xəbər verir ki, səfərdən sonra aralarında "Alibaba" və "Tencent" kimi nəhənglərin də olduğu 10 Çin texnologiya şirkətinə "Nvidia"nın süni intellekt üçün xüsusi hazırlanmış çiplərini alma icazəsi verildiyi bildirilir. Bu addım uzun müddətdir davam edən texnologiya məhdudiyyətlərində yumşalma ehtimalını gündəmə gətirib.

"Reuters”in məlumatına görə, "Alibaba", "Tencent", "ByteDance" və JD.com kimi şirkətlər "Nvidia" H200 süni intellekt çiplərini əldə edə biləcək. Bu çiplər ABŞ ixrac məhdudiyyətlərinə uyğunlaşdırılmış, performansı bir qədər azaldılmış versiyalardır. Lisenziya şərtlərinə əsasən, hər bir şirkət 75 minədək çip alma hüququ qazana bilər.

Trampın Çin səfəri zamanı onu müşayiət edən heyət də diqqət çəkib. "Tesla" və "SpaceX"ın rəhbəri İlon Mask, "Apple" rəhbəri "Tim Kuk" və son anda qrupa qoşulan "Nvidia" baş direktoru Censen Huan da səfərdə yer alıb. Huanın iştirakı "Nvidia"nın Çin bazarında satış imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda ABŞ tərəfi "Lenovo" və "Foxconn" kimi şirkətlərin də distribütor kimi çıxış etməsinə razılıq verib.

ABŞ tərəfi müəyyən yumşalma siqnalları versə də, proses hələ tam yekunlaşmayıb. ABŞ Ticarət Nazirliyinin açıqlamasına görə, Çin şirkətlərinin bu çipləri alması üçün Pekin hökumətinin də razılığı lazımdır. Lakin Çin tərəfi hələlik yerli şirkətlərə bu icazəni verməyib.

Pekin rəhbərliyi öz yarımkeçirici sənayesini gücləndirməyə və xarici asılılığı azaltmağa çalışır. Bu səbəbdən ehtiyatlı mövqe sərgilənir.

Bir vaxtlar Çin süni intellekt çipi bazarının böyük hissəsinə nəzarət edən "Nvidia" indi "Huawei" kimi yerli rəqiblərin güclənən təzyiqi ilə üz-üzədir. Üstəlik, Çin tənzimləyiciləri şirkətə qarşı antiinhisar araşdırmalarını və təhlükəsizlik yoxlamalarını da artırıb. Bu isə göstərir ki, hətta icazələr verilsə belə, "Nvidia" üçün Çin bazarında əvvəlki dominantlığı qorumaq asan olmayacaq.

Aydın
--> -->