Böyük Britaniya Yaxın Şərqdə artan gərginlik və Hürmüz boğazı ətrafında yüksələn təhlükəsizlik riskləri fonunda regiona genişmiqyaslı hərbi yerləşdirmə hazırlıqlarına başlayıb. Məlumatlara görə, dəniz və hava qüvvələrinin bölgəyə yönləndirilməsi gündəmdədir və HMS "Dragon” kimi hərbi elementlərin sahəyə yaxınlaşdırıldığı bildirilir.
Qaynarinfo xəbər verir ki, bu addım İranın ABŞ Prezidenti Donald Trampın münaqişəni yenidən alovlandırması halında uran zənginləşdirmə fəaliyyətlərini bərpa edə biləcəyi ilə bağlı təhdidlərindən sonra daha da aktuallaşıb.
Eyni zamanda Trampın İranın son sülh təklifini rədd etməsindən sonra atəşkəsin "kritik vəziyyətdə” olduğunu deməsi regionda gərginliyi artırıb. ABŞ-nin İran limanlarına tətbiq etdiyi məhdudiyyətlər səbəbilə Hürmüz boğazında gəmi hərəkətinin də məhdud qaldığı bildirilir.
Britaniya hansı addımı planlaşdırır?
Böyük Britaniya və Avropa müttəfiqləri əvvəllər münaqişəyə birbaşa müdaxilə məsələsində daha ehtiyatlı mövqe tuturdular. Lakin son hadisələrdən sonra London daha aktiv rol almağa hazırlaşır.
Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, yaradılacaq çoxmillətli missiya tamamilə müdafiə xarakteri daşıyacaq: "Bu əməkdaşlıq savunma yönümlü, müstəqil və etibarlı olacaq".
Hili Hürmüz boğazının təhlükəsizliyində İngiltərənin aparıcı rol oynayacağını və bu addımın həm regional təhlükəsizlik, həm də qlobal ticarət üçün vacib olduğunu vurğulayıb.
"Kölgə plan” iddiaları və strateji balans
Təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan kəşfiyyat polkovniki Coşkun Başbuğ bildirir ki, bölgədəki hərbi hazırlıqlar təkcə görünən əməli addımlar deyil: "Dieqo Qarsiya kimi strateji bazalar bu balansın mərkəzindədir. Burada ABŞ və İngiltərə arasında koordinasiya çox önəmlidir".
Başbuğa görə, Britaniya uzun illərdir "açıq görünmədən təsir göstərən güc” strategiyasını davam etdirir və hazırkı addımlar bu xəttin davamıdır.
Çoxqatlı plan iddiaları
Ekspertlərə görə, Hürmüz boğazının beynəlxalq koalisiya və ya komissiya tərəfindən idarə olunması ideyası müzakirə edilir. Bu modelin əsasən Avropa mərkəzli olması nəzərdə tutulur.
Analitiklər bunu təkcə təhlükəsizlik deyil, həm də enerji və geosiyasi təsir bölgüsü kimi qiymətləndirirlər.
Yeni hərbi paket: 115 milyon funt
"The Telegraph”ın məlumatına görə, Böyük Britaniya hökuməti 115 milyon funt sterlinq dəyərində yeni müdafiə paketi ayırıb.
Bu paketə:
• pilotsuz mayın təmizləmə sistemləri
• dron əleyhinə texnologiyalar
• otonom dəniz sistemləri daxildir.
"Typhoon" qırıcıları və HMS "Dragon" bölgədə
Plan çərçivəsində "Typhoon" qırıcılarının Hürmüz boğazı üzərində hava patrullarına cəlb olunacağı bildirilir. Bu təyyarələrin yüksək təhlükə mühitində əməliyyat qabiliyyətinə malik olduğu qeyd edilir.
Eyni zamanda HMS "Dragon” esminesi də regiona göndərilib. Gəminin "Sea Viper” hava hücumundan müdafiə sistemi ilə təchiz olunduğu və xüsusilə pilotsuz aparatlara qarşı effektiv olduğu vurğulanır.
Avstraliyadan dəstək
Avstraliya da əməliyyata dəstək verəcəyini açıqlayıb. Bölgədə yerləşdirilən "E-7A Wedgetail" erkən xəbərdarlıq təyyarəsinin missiyaya töhfə verəcəyi bildirilir.
Avstraliya rəsmiləri bu missiyanın yalnız müdafiə məqsədli olduğunu və beynəlxalq təhlükəsizliyin qorunmasına yönəldiyini qeyd ediblər.
Gərginlik artır
İran tərəfi isə Britaniya və Fransanın Hürmüz boğazına hərbi gəmilər göndərmək planlarını tənqid edərək bunun "qəbulolunmaz” olduğunu bildirib və hər hansı müdaxiləyə cavab veriləcəyini açıqlayıb.
Analitiklərə görə, bu inkişaflar regionda birbaşa toqquşma riskini artırır və vəziyyətin sürətlə eskalasiya olma ehtimalı qalır.
Aydın
Şərhlər