Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50 faizə qədər aşağı salınır. Yeni qərara əsasən, torpaq sahəsinin həcmi böyüdükcə daha aşağı əmsallar tətbiq ediləcək və nəticədə icarə haqqında 50 faizə qədər azalma baş verəcək.
Yeni qərarın sahibkarların biznes qurması və fəaliyyətini genişləndirməsi baxımından bir sıra müsbət tərəfləri olduğu bildirilsə də, bəzi məqamlar hələ də açıq qalır.
Qaynarinfo məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli ilə həmsöhbət olub.
Xalid Kərimli hesab edir ki, qərar sahibkarların torpaq icarəsi üzrə xərclərini azaldacaq və biznesə giriş baryerini aşağı salacaq:
"Torpaq icarəsi sahibkarın əsas xərclərindən biridir. Xüsusilə uzunmüddətli icarə müqavilələri biznesə başlamaq üçün vacib investisiya xərcləri hesab olunur. Torpağı icarəyə götürmək və ya götürməmək birbaşa biznesə başlama qərarına təsir edir. Qiymətlər nə qədər yüksəkdirsə, bazara giriş baryeri də bir o qədər artır. İcarə haqlarının aşağı salınması isə bu baryerin yumşaldılması deməkdir".
İqtisadçının sözlərinə görə, qərarın qəbulunda bir neçə iqtisadi məqsəd dayanır:
"İstifadəsiz qalan dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi, iri aqrar-sənaye layihələrinin təşviqi və digər məqsədlər burada əsas rol oynayır. Bakıda dövlət torpaqları əsasən neft-qaz yataqları ilə bağlıdır. Bu qərar daha çox regionlara şamil olunacaq. Regionlarda iqtisadi inkişafın zəif olması və məşğulluğun artırılması zərurəti nəzərə alınır. Məqsəd qeyri-neft sektorunu inkişaf etdirmək və gücləndirməkdir. Sahibkar daha sərfəli şərtlərlə torpaq icarəyə götürdükdə uzunmüddətli investisiya layihələri də onun üçün daha cəlbedici olur".
Xalid Kərimli bildirib ki, qərardan ən çox kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar, aqroparklar, istixana biznesi ilə məşğul olanlar, logistika və anbar təsərrüfatı quran şirkətlər faydalana bilər:
"Bundan başqa egionlarda turizm və iaşə sektoru üçün də bu qərar əhəmiyyətli imkanlar yaradacaq".
"Bu qərarla sahibkarların dövlət torpaqlarına çıxışı asanlaşacaqmı" sualını cavablandıran iqtisadçı vurğulayıb ki, əsas məsələ şəffaflığın təmin edilməsidir:
"Əgər iki və ya üç sahibkar eyni torpaq sahəsinə maraq göstərirsə, burada şəffaf hərrac sistemi tətbiq olunmalıdır. Torpaqlarla bağlı məlumatlar hər kəs üçün açıq olmalıdır. İcarə prosesinin sadələşdirilməsi və məlumat bazalarının sinxronlaşdırılması sahibkarların dövlət torpaqlarına çıxışını asanlaşdıra bilər. Dövlətin əsas məqsədi həmin sahələrin boş qalmaması, yeni iş yerlərinin yaradılması və kənd təsərrüfatında məhsul bolluğunun təmin edilməsidir".
Ekspert torpaqların formal şəkildə icarəyə götürülərək istifadəsiz saxlanılması riskinə də toxunub. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün dövlət sahibkarlar qarşısında müəyyən öhdəliklər qoya bilər:
"Məsələn, torpağın təyinatına uyğun istifadə olunması tələb edilə, fəaliyyət sahəsi ilə bağlı minimal şərtlər müəyyənləşdirilə bilər. Bu risk mövcuddur. Bəzi sahibkarlar rəqibləri sıxışdırmaq məqsədilə torpaqları icarəyə götürüb istifadəsiz saxlaya bilərlər. Dünyada da belə hallara rast gəlinir. Məsələn, Rusiyada iri monopolist şirkətlər rəqiblərə təzyiq vasitəsi kimi bu üsullardan istifadə edirlər. Lakin Azərbaycanda bu güzəştli layihə kimi tətbiq olunursa, investisiya öhdəlikləri və fəaliyyətə başlama müddəti ilə bağlı şərtlər qoyula bilər. Monitorinq aparılarsa, istifadəsiz qalan torpaqlar sahibkarlardan geri alınar. Bu risklərin qarşısını almaq mümkündür".
Günay İlqarqızı
Şərhlər