Uels şahzadəsi Keyt Middleton iki günlük səfərlə İtaliyaya yollanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "CBS News” məlumat yayıb. Bu, şahzadənin xərçəng müalicəsini başa vurduqdan sonra həyata keçirdiyi ilk xarici səfərdir.
Keyt Middleton İtaliyanın şimalındakı Reco nell Emiliya şəhərinə yollanıb. Erkən yaş dövründə uşaqların inkişafı problemlərinə həsr olunan səfər çərçivəsində Uels şahzadəsinin yerli ailələr, müəllimlər və tədqiqatçılarla görüşlərdə iştirak edəcəyi gözlənilir.
Keyt Middletonun son rəsmi xarici səfəri 2022-ci ildə baş tutmuşdu. O zaman şahzadə Boston şəhərinə gedərək şahzadə Uilyam və britaniyalı təbiətşünas Devid Attenboro tərəfindən təsis edilmiş "Earthshot Prize” ekoloji mükafatının təqdimetmə mərasimində iştirak etmişdi.
2024-cü ilin mart ayında şahzadə onda xərçəng aşkarlandığını açıqlamışdı. Həmin dövrdə ona profilaktik kimyaterapiya kursu təyin olunmuşdu. Ötən ilin sentyabrında Keyt Middleton müalicənin uğurla başa çatdığını bildirmiş, noyabr ayında isə təxminən bir illik fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmışdı. Yanvar ayında isə Uels şahzadəsi remissiyada olduğunu açıqlayıb.
Aydın
Şərhlər