Xəbər lenti

Kəşfiyyatın gizli hesabatı mediaya çıxdı: Çinin səssiz planı və Vaşinqtonda panika
Dünya 13:37 14.05.2026

Kəşfiyyatın gizli hesabatı mediaya çıxdı: Çinin səssiz planı və Vaşinqtonda panika

Vaşinqton siyasi kulislərini hərəkətə gətirən və ABŞ kəşfiyyatının hazırladığı gizli analitik hesabat ölkə rəhbərliyi daxilində yeni müzakirələrə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, İrana qarşı aylardır davam edən müharibənin arxa planını əhatə edən bu qiymətləndirmə yalnız Yaxın Şərqdəki qarşıdurmaların deyil, qlobal güc balansının da dəyişməkdə olduğunu göstərir.

"Washington Post" qəzetinin məlumatına görə, ABŞ-ın iki yüksək vəzifəli rəsmisi tərəfindən təsdiqlənən gizli hesabat Baş Qərargah rəisi Den Keyn üçün hazırlanıb. Analiz ABŞ Prezidenti Donald Trampın Pekində Çin lideri Si Szinpinlə kritik görüşlərə başladığı dövrdə Vaşinqton təhlükəsizlik dairələrində ciddi narahatlıq yaradıb.



Çin Körfəz ölkələrinə silah satışını artırıb

ABŞ Baş Qərargahının kəşfiyyat idarəsi tərəfindən hazırlanan hesabatda Çinin müharibəyə yanaşması DIME modeli ilə təhlil edilib. Bu model diplomatik, informasiya, hərbi və iqtisadi güc elementlərini əhatə edir.

Hesabata əsasən, Pekin İrana qarşı müharibəni regional böhran kimi deyil, ABŞ-ın qlobal liderliyini zəiflətmək üçün strateji imkan kimi qiymətləndirib.

İddialara görə, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Çin Körfəz ölkələrinə silah satışını sürətləndirib. Xüsusilə İranın hücumları qarşısında çətinlik yaşayan ölkələrə hava hücumundan müdafiə sistemləri, radar texnologiyaları və pilotsuz sistemlər təklif edilib.

Hesabatda bunun ABŞ-ın regiondakı hərbi təsirini uzunmüddətli perspektivdə zəiflədə biləcəyi qeyd olunur.

Çinin enerji addımı güc balansını dəyişir

Hesabatın diqqətçəkən hissələrindən biri Hürmüz boğazı ətrafında yaranan gərginlik olub. Qlobal neft və qaz ticarətinin böyük hissəsinin keçdiyi bu marşrutda böhran enerji bazarlarında dalğalanma yaradıb.

Kəşfiyyat qiymətləndirməsinə görə, Çin bu dövrdə həm öz enerji təhlükəsizliyini qoruyub, həm də enerji böhranı yaşayan ölkələrə dəstək göstərərək diplomatik təsirini artırıb.

"Bu yardım humanitar deyil, strateji xarakter daşıyır" qiymətləndirməsi hesabatda xüsusi vurğulanır.

"Brookings Institution” analitiki Rayan Hiss bildirib ki, Çin bu prosesi geosiyasi alət kimi istifadə edir: "Çin enerji böhranını idarə edə bilən güc obrazı yaradır və ABŞ-nin müttəfiqləri ilə məsafəni artırmağa çalışır".



Pentaqonda sursat narahatlığı

Hesabatın digər mühüm bölməsi ABŞ ordusunun sursat ehtiyatlarına aiddir. İranla bağlı əməliyyatlar nəticəsində ABŞ-ın böyük həcmdə raket və müdafiə sistemləri istifadə etdiyi qeyd olunur.

Patriot, THAAD və "Tomahawk" sistemlərinin ehtiyatlarının kritik səviyyəyə düşdüyü bildirilir. Bu isə mümkün Tayvan böhranı kontekstində Vaşinqtonun hazırlığı ilə bağlı suallar yaradır.

Kəşfiyyat ekspertləri hesab edir ki, Çin İran müharibəsindən ABŞ ordusunun real döyüş imkanlarını analiz etmək üçün istifadə edir.

Tayvanla bağlı risk artır

Hesabatda Asiya-Sakit okean regionunda gərginliyin artdığı da vurğulanır. Tayvan, Yaponiya və Cənubi Koreyanın ABŞ-ın Çin qarşısında hərbi hazırlığından narahat olduğu bildirilir.

Analitiklərə görə, Pekin ABŞ-ın eyni anda iki böyük münaqişədə çətinlik çəkdiyi görüntüsünü gücləndirməyə çalışır. Bu isə Tayvan məsələsində psixoloji üstünlük yaratmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.



Çin ABŞ-ı "qanunsuz müharibə” ilə ittiham edir

Hesabatda qeyd olunur ki, Pekin İrana qarşı əməliyyatları beynəlxalq ictimaiyyətdə ABŞ əleyhinə narrativ yaratmaq üçün istifadə edir.

Çin dövlət mediasında müharibə "ABŞ-ın tək tərəfli müdaxiləsinin nümunəsi” kimi təqdim edilir. Analitiklər bunu Pekinin qlobal Cənub ölkələrində təsirini artırmaq cəhdi kimi dəyərləndirir.

"Çin ABŞ-ı aqressiv və geriləyən güc kimi göstərməyə çalışır", deyə "New American Security Center”dən Ceykob Stoks bildirib.

Aydın
--> -->