Elm adamları əsrlərdir insanları heyrətləndirən "Ay illüziyası” fenomeninin səbəbini tam izah edə bilmirlər. Söhbət Ayın üfüqə yaxın olduqda göydə yüksəkdə göründüyündən daha böyük təsir bağışlamasından gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience” nəşri yazıb.
Məlumata görə, bu optik illüziya hələ qədim yunan filosofu Aristotelin dövründən alimlərin diqqət mərkəzində olub.
Aristotel eramızdan əvvəl IV əsrdə hesab edirdi ki, üfüqdə görünən Ayın işığı daha sıx atmosfer qatından keçdiyi üçün böyüdücü şüşə effekti yaranır.
Lakin müasir elm artıq dəqiq bilir ki, məsələ atmosferdə deyil, insan beyninin görmə məlumatını emal etmə üsulundadır.
Mütəxəssislər vurğulayırlar ki, Ayın ölçüsü dəyişmir. Sadə ölçmələr və fotoşəkillər göstərir ki, Ay istər üfüqdə, istərsə də səmada yüksəkdə olsun, eyni ölçüdə qalır.
Fərq yalnız insan gözünün və beyninin onu necə qəbul etməsindədir. Alimlərin əksəriyyəti hesab edir ki, bu illüziya beynin məsafə və ölçünü qiymətləndirmə mexanizmi ilə bağlıdır. Lakin prosesin dəqiq necə işlədiyi hələ də məlum deyil.
Ən məşhur nəzəriyyələrdən birinə görə, üfüqdəki binalar, ağaclar və digər obyektlər Ayın insan beyninə daha yaxın görünməsinə səbəb olur. Beyin isə yaxın görünən obyektin daha böyük olduğunu düşünür.
Ay səmada yüksəkdə olduqda isə ətrafında müqayisə üçün vizual obyektlər olmur və insan onu daha uzaqda qəbul edir. Nəticədə Ay daha kiçik görünür. Bu effekt məşhur "Ponzo illüziyası”na bənzədilir. Həmin illüziyada iki eyni ölçülü xətt fon təsvirinə görə fərqli uzunluqda görünür.
NASA bildirir ki, "Ay illüziyası”nı hətta orbitdə olan astronavtlar da müşahidə edirlər. Kosmik agentliyin açıqlamasında deyilir:
"Bu fenomenin niyə məhz belə göründüyünə dair tam izahımız olmasa da, bir şey aydındır: istər reallıq, istərsə də illüziya olsun, nəhəng Ay möhtəşəm mənzərə yaradır”.
NASA alimləri hesab edir ki, fenomenin sirri tam açılana qədər insanlar sadəcə bu görüntünün yaratdığı atmosferdən zövq ala bilərlər.
Aydın
Şərhlər