Xəbər lenti

Şairin melanxoliyası, sənətin çıxmazı:
Sənət 09:20 25.05.2026

Şairin melanxoliyası, sənətin çıxmazı: "Bir şair" filmi haqqında

"Bir şair” melanxoliyanı dağıdan, lakin onun yerinə mövcud olanı aşacaq estetik üfüq və güclü ümid ideyası qoya bilməyən filmdir.

Cəmali Coşkunırmak, Kaya Tokmakçıoğlu

Gənc kolumbiyalı rejissor Simon Mesa Sotonun ikinci tammetrajlı filmi "Un poeta” ("Bir şair”) 2025-ci il Kann Film Festivalının "Müəyyən baxış” bölməsində Münsiflər Heyətinin mükafatını qazanaraq beynəlxalq kino gündəminə daxil olub. Film həmin il Kolumbiyanın "Ən yaxşı beynəlxalq film” nominasiyası üzrə "Akademiya mükafatları”na təqdim etdiyi ekran əsəri kimi də seçilib.

Əvvəlcə filmin gördüyü və görə bilmədiyi işlərlə səmimi və müzakirəyə dəyər olduğunu qəbul etmək lazımdır. Biz də filmin yaratdığı bu müzakirə zəminini genişləndirərək əsas qəhrəman Oskar Restreponun hekayəsi üzərindən "necə bir sənət?” sualına cavab axtaracağıq.
 

Məğlub şair mifi

Oskar orta yaşlı, pulsuz, boşanmış və yaşlı anası ilə yaşayan melanxolik şairdir. Gəncliyində iki şeir kitabı yayımlayıb, bir neçə mükafat alıb, lakin artıq bütün vədlərini tükədib. O, başda öz qızı və ailəsi olmaqla ətrafındakı insanlar tərəfindən hörmət görməyən, ciddiyə alınmayan biridir. İnsanlara görə, Oskar ətrafına yalnız zərər verir və hamını öz bataqlığına çəkməyə çalışır.

Ancaq Oskar üçün vəziyyət fərqlidir. O, özünü gerçək şair kimi yaşadığını düşünür, yazıçı kimi güzəştsizdir. Başqa işdə çalışmağı, məsələn, məktəbdə müəllimlik etməyi özünə yaraşdırmır. O, sənət naminə tək qalmağı və kənarlaşdırılmağı gözə alıb. İnsanların onu və dünyanı anlamadığını düşünür. Ətrafındakı digər şairlər də onun üçün sənətdən anlamayan insanlardır.

Oskar melanxoliya və varoluş ağrısının ən böyük təmsilçilərindən biri olan kolumbiyalı şair Xose Asunsion Silvanın böyük pərəstişkarıdır. Silva da onun kimi çətin və faciəli həyat yaşayıb, sonda isə 30 yaşında intihar edib. Oskara görə, Silva gerçək şair kimi yaşayıb, məsələn, Qabriel Qarsia Markes kimi şöhrət arxasınca qaçmayıb. Bu bənzəmə arzusu elə bir həddə çatır ki, Oskar da zaman-zaman intiharı düşünərək dəyəri sonradan anlaşılacaq şair olmaq "xəyalı” qurur.

Filmi dəyərli edən cəhət öz uğursuzluğunun romantikasına gömülmüş, bədbinliyi və melanxoliyanı sirr və dərinlik sayan sənətçi tipi ilə mübahisəyə girməsidir. Rejissor bizə acınan, lakin ucaldılmayan, məğlubiyyət estetikasını bir növ məsuliyyətdən qaçış kimi oxuya biləcəyimiz baxış bucağı təqdim edir. Bununla belə, film Oskarı öz çuxurunda da tərk etmir; onun üçün hələ də dəyişiklik ümidi var.
 

 
Yurleydinin dəftəri: Açılan imkan

Həyatına daxil olan bir şagird Oskar üçün dəyişiklik qapısını aralayır. Beş qəpiyi olmadan gün keçirən şair qardaşının da təkidi ilə məktəbdə ədəbiyyat müəllimi işləməli olur. Bir dərsdə gənc qız şagirdinin şeir istedadı olduğunu kəşf edir və uzun müddətdən sonra Oskarda nəlyinsə naminə çalışma motivasiyası yaranır.

Yurleydi yoxsul ailənin qızıdır; baxımsız, izdihamlı və darısqal evdə, xaotik şəraitdə yaşayır. Özünü tənha, sıxılmış və kədərli hiss etdiyi vaxtlarda dəftərinə melanxolik şeirlər yazır, hiss etdiklərini təsvir edir. Oskar bu dəftəri oxuyanda dərhal özünü onunla eyniləşdirir. Bir tərəfdən qızın çox yaxşı şair olmaq potensialı daşıdığını düşünür, digər tərəfdən isə əslində onu anlaya biləcək birini tapır. Bəlkə də həmin biri onun bacarmadığını bacaracaq.

Oskar qızın şeir dəftərini özünün də iştirak etdiyi könüllü fəaliyyət göstərən şeir evindəki dostlarına göstərir. Məqsədi şagirdinin istedadının kəşf edilməsi və təqaüd kimi imkanlarla yoxsulluğunun yüngülləşdirilməsidir. Yurleydinin şeirləri şeir məktəbinin idarəçiliyinə cavabdeh olan, özünü inqilabçı və marksist kimi təqdim edən şair Efrainin böyük marağına səbəb olur.

Əslində, Efrain üçün Oskar xilas edilə bilməyəcək, istedadsız bir fiqurdur, qız isə ictimai yönümlü və təsirli şairəyə çevrilə bilər. Digər tərəfdən, Oskar da bu şeir evi çevrəsindən və Efraindən heç xoşlanmır. Ona görə, bunlar şeirdən anlamayan, sənəti siyasi gündəmə çevirən, elitist və ikiüzlü insanlardır. Lakin Oskarın Yurleydi üçün başqa gedəcək yeri yoxdur.
 

Efrain Niderland səfirliyindən maliyyə dəstəyi almaq üçün təşkil edilən şeir məktəbi tədbirində Yurleydinin açılış şeirini oxumasını istəyir. Ancaq bu şeir onun yoxsulluğuna və yaşadığı problemlərə daha çox toxunmalıdır. Oskar bu vəziyyətə isti baxmasa da, qız üçün həmin tədbiri mühüm fürsət hesab edir. Lakin şairin şagirdi üzərindən qurduğu xəyallar qızda qarşılıq tapmır.

Yurleydi şeiri yalnız özünü pis hiss edəndə sığındığı liman kimi görür. O, şair olmaq və şair kimi yaşamaq istəmir. Çünki həyatdan daha sadə və real gözləntiləri var: sabit həyat, minimum yaşayış şəraiti və normal evlə xoşbəxt ola biləcəyini düşünür. Üstəlik, şairlikdən pul qazanılırdımı, bu işin sonu xoşbəxtliyə çıxırdımı? Gördüyü şair nümunəsinin Oskar olduğunu nəzərə alsaq, bu sualların Yurleydi üçün müsbət cavabı yoxdur.

Oskar şagirdinə daim çox yaxşı fürsəti olduğunu, mühüm yerlərə gələ biləcəyini desə də, nə qız buna inanır, nə də Oskar tərəddüdsüzdür. Oskarın gündəlik sadə ehtiyaclar kimi kiçik gördüyü və şair kimi yaşamaq üçün gözə alınmalı saydığı şeylərin Yurleydi üçün heç bir mənası yoxdur. O, pul qazanmaq, "sadə” ehtiyaclarını və zövqlərini qarşıladığı xoşbəxt həyat istəyir. Şeir məktəbindəki mühiti də sevmir; oradakılar ona çox uzaq dünyanın insanları kimi görünür. O tədbirə getmək istəmir, oranın bir parçası olmaq ona yaxşı təsir etmir. Sonradan anladığı kimi, bu qəmgin və melanxolik müəlliminin ona öyrətdiyi şeiri də əslində sevmir.

Bu gərginlik və məcburiyyət bir nöqtədə partlayır və Oskar tragikomik vəziyyətə düşür. Şair yoxsul Yurleydi və ailəsinin reallığı ilə ağrılı şəkildə üzləşir. Yaxşı niyyəti və səylərinin qarşılığı olaraq onun payına əsassız ittihamlar və ondan pul qoparmağa çalışan "fürsətçi” ailə düşür. Məyus olsa da, Oskar əsla şagirdinə qəzəbli deyil. Çünki bir tərəfdən Yurleydinin seçimlərinin altında yatan səbəbləri o da sorğulayır.

Həyatla apardığı bu mübarizə tam olaraq nə üçündür? Bu bədbinlik onun öz həyatı və ətrafı üçün gətirdiyi dağıntını hara aparacaq? Bunları ona düşündürən təkcə Yurleydi deyil. Eyni yaşlarda olan öz qızı ilə də münasibətini düzəltmək, məsuliyyət götürmək, onun sevgisini qazanmaq üçün çalışmaq istəyir. İnsanın qızı tərəfindən acıyan baxışlarla süzülməsi və yaşadığı çoxsaylı faciəli hadisələr artıq onun melanxolik, bədbin, "gerçək” şair eqosunu qidalandıra bilmir. Şərtlər dəyişiklik üçün yetişərkən, Oskar qarşısında açılan dönüşüm qapısından keçə biləcəkmi?
 
Filmin üzümüzə bağladığı qapılar

Buraya qədər film Oskarın şəxsi çöküşü ilə Yurleydinin şeirlə qurduğu kövrək münasibət arasında mənalı qarşılaşma yaradır. Lakin filmin əsas çıxmazı da məhz bu qarşılaşmanın siyasi və estetik imkanlarını sonadək daşıya bilməməsində üzə çıxır. Oskarın melanxolik sənətçi mifologiyasının ifşası güclüdür. Amma bu ifşanın qarşısına qoyulan dünya — yoxsul ailə, şeir evi çevrəsi və ictimai sənət iddiası — çox vaxt eyni incəliklə qurulmur.

Əvvəlcə Yurleydi və ailəsinin təsvirində ciddi sadələşdirmə var. Film Yurleydinin şeirə yönəlməsini Oskarın özünü yenidən mənalandırma arzusundan daha geniş imkan kimi təqdim edir. Qızın dəftərindəki şeirlər onun tənhalığını, sıxılmışlığını və dünya ilə qurduğu ziddiyyətli münasibəti görünən edir. Lakin bu imkan ailəsi və çevrəsi üzərindən qurulan təsvirə görə daralır. Yoxsulluq tarixi və sinfi münasibət olmaqdan çox, bəzən mədəni çatışmazlıq, sənətə məsafə və ya gündəlik çıxar hesabı kimi görünür.

Beləliklə, film şair mifini dağıtmağa çalışarkən başqa bir mifə yaxınlaşır: sənətə laqeyd, qısamüddətli düşünən, estetik təcrübəyə qapalı yoxsullar mifi. Halbuki bu insanların sənətə məsafəsi daha güclü sinfi müzakirənin qapısını aça bilərdi. Çünki bu laqeydlik estetik yetərsizlik deyil, sinfi reallığın dayatdığı prioritetlər düzənidir. Film bunu sezsə də, tam qavrayıb dərinləşdirə bilmir və nəticədə qəbul mövqeyinə çəkilir.

Bənzər problem şeir evi və Efrain çevrəsinin təsvirində də görünür. Film fondçuluq, təmsil siyasəti, yoxsulluğun mədəni vitrinə çevrilməsi və sənət sahəsindəki ikiüzlülüklə hesablaşmaq istəyərkən haqlı məqama toxunur. Bu çevrələrin Yurleydiyə marağında həqiqətən də alətə çevirmə meyli var. Qızın şeirindən çox, onun yoxsulluğu və sinfi mövqeyinin tədbirdə yaradacağı təsir ön plana çıxarılır.

Ancaq film bu tənqidi çox vaxt karikatura səviyyəsində saxlayır. Beləliklə, Oskarın bohem fərdiyyətçiliyi ilə kollektiv, siyasi və ya ictimai sənət imkanı arasında daha mürəkkəb gərginlik qurmaq əvəzinə, hər iki tərəfi dəyərsizləşdirən alternatifsizlik yaranır.
 

 
Ümid yalnız nikbinlik deyil

Buna görə filmin əsas sualı təkcə "bədbinlik, yoxsa nikbinlik?” deyil. Daha doğru sual budur: bədbinlik nə zaman tarixi reallığın dərk edilməsinə, nə zaman sənətçi mənliyinin rahatlığına çevrilir?

Oskarın bədbinliyi başlanğıcda yaralanmışlıq və həyata tutuna bilməmək halı kimi görünür. Lakin getdikcə öz uğursuzluğunu estetizə edən, məsuliyyətdən qaçan, məğlubiyyəti şəxsi imtiyaz kimi quran sənətçi zirehinə çevrilir. Film bu zirehi görünən etdiyi ölçüdə dəyərlidir.

Lakin bədbinliyin bu formasını dağıtmaq təkbaşına ümid yaratmağa yetmir. Film Oskarın dönüşümünü qızına yönəlmək, özünü toparlamaq, kədərli olmayan şeirlər yazmaq ehtimalı kimi fərdi jestlərlə göstərir. Bunlar əhəmiyyətsiz deyil, hətta xarakter səviyyəsində mənalıdır. Amma Oskarı çöküşə aparan səbəblər kifayət qədər maddi və tarixi şəkildə qurulmadığı üçün buradan çıxış da eyni dərəcədə havada qalır.

Onu bədbinliyə sürükləyən nədir? Şəxsi uğursuzluqmu, kişilik böhranımı, alkoqolizmmi, sənət sahəsində yer tuta bilməməsimi, siyasi ümidsizlikmi, sinfi dağılmamı? Film bütün bu ehtimallara toxunur, amma heç birini sonadək açmır.

Oskar üçün çıxışı mümkün edə biləcək yollar filmin qurduğu problemli təsvirlərə görə əvvəlcədən daralır. Yurleydinin dünyası şeir və sənətin dəyişdirici imkanı ilə deyil, daha çox maddi zərurətlər və qısamüddətli gözləntilər sahəsi kimi təqdim olunur. İctimai şeir çevrəsi isə səmimiliyini itirmiş, ikiüzlü mədəni mühitə endirilir. Beləliklə, Oskarın qarşısında nə köhnə melanxolik şair mifini aşacaq güclü sosial bağ, nə də şeiri həyata yenidən bağlayacaq kollektiv estetik üfüq qalır. Rejissor Oskarı məhdud dönüşüm sahəsində saxlayır, onu özünün də çıxa bilmədiyi çıxmaza məhkum edir.

Tam bu nöqtədə bizim ədəbiyyatımızdakı (Türkiyə ədəbiyyatı - red.) ictimai damar filmin açdığı müzakirəyə uyğun, lakin filmi aşan müqayisə zəmini təqdim edir.

Çünki məsələ yalnız yoxsulların sənətə çata bilməməsi deyil; bu çatışmazlığın dəyişməz reallıq kimi qəbul edilib-edilməməsidir. Bəli, yoxsulluq insanın zamanını, diqqətini, təhlükəsizliyini və mədəni imkanlarını daraldır. Bəli, normal ev, dolanışıq təminatı və insanca yaşamaq arzusu şeirdən daha yandırıcı ehtiyac kimi görünə bilər. Amma məhz buna görə sənətçinin və ziyalının məsuliyyəti bu məsafəni təbii saymaq deyil, onu aşmağın yollarını axtarmaqdır.

Bizim ədəbiyyatımızda ümid çox vaxt sadə nikbinlik və ya mənəvi təsəlli kimi deyil, bu məsafəni aşmaq cəhdi kimi qurulub. Nazim Hikmətdə şeir insanlığın və sinfi mübarizənin istiqamət hissini daşıyır; yalnız ağrını anlatmır, həmin ağrının içindəki tarixi hərəkəti də görür. Orxan Kamalda yoxsullar yalnız yoxsulluqları ilə deyil, əmək prosesləri, kiçik hesabları, həmrəylikləri, zəiflikləri və müqavimət imkanları ilə mövcuddur. Yaşar Kamalda əzilənlər taleyin passiv obyektləri deyil; mif, üsyan və kollektiv yaddaş içində tarixi ağırlıq qazanırlar. Vedat Türkəlidə məğlubiyyət belə fərdi daxili çöküşə qapanmır; təşkilatlanmış həyatın, siyasi məsuliyyətin və kollektiv axtarışın gərginlikləri ilə birlikdə düşünülür.

Bu nümunələrin əhəmiyyəti yalnız yoxsulları "yaxşı” və ya "nəcib” göstərmələrində deyil. Daha vacibi, yoxsulluğun içində mədəni və siyasi imkan axtarmalarıdır. Bir vaxtlar yoxsul evlərinə Yaşar Kamalın, Orxan Kamalın, Nazimin daxil ola bilməsi təsadüf deyildi. Bu, ədəbiyyatın xalqla bağ qura bildiyi, ziyalının öz sözünü əməkçilərin həyatından tamamilə qoparmadığı tarixi anın nəticəsi idi. Bu gün həmin bağ zəifləyibsə, bundan çıxarılan nəticə "yoxsullar sənətlə maraqlanmır” olmamalıdır. Əsas sual sənətin və sənətçinin bu bağı niyə itirdiyi, onu yenidən qurmaq üçün nə etdiyi olmalıdır.

Sonda bu müzakirə ilə bağlı olan, filmin daxilində açıb dərinləşdirmədiyi Qarsia Markes göndərməsinə də toxunmaq lazımdır. Oskarın Qarsia Markesi şöhrət və ədəbi uğurla əlaqələndirərək kiçiltməsi yalnız uğurlu yazıçıya duyduğu paxıllıq kimi oxunmamalıdır. Bu kiçiltmədə fərdi melanxoliyaya qapanmış sənət anlayışının xalqla, tarixi yaddaşla və kollektiv təcrübə ilə bağ quran ədəbiyyata qarşı korluğu da var.

Çünki Qarsia Markesdə tənhalıq yalnız fərdi ruh halı deyil; Latın Amerikasının müstəmləkəçilik, dövlət zorakılığı, vətəndaş müharibəsi, kapital və basdırılmış yaddaşla hörülmüş tarixi təcrübəsinin adıdır. Film bu imkanı aça bilsəydi, Silvanın faciəli şair kölgəsi ilə Efrainin karikaturalaşdırılmış ictimaiçiliyi arasında üçüncü ədəbiyyat üfüqü görünə bilərdi.

Nəticədə "Bir şair” asanlıqla kənara atılacaq film deyil. Sənətçi kimliyinin məğlubiyyətdən, tənhalıqdan və bədbinlikdən necə toxunulmazlıq yarada bildiyini yaxşı göstərir. Oskarı acınacaqlı biri kimi təqdim edərkən onu ucaltmaması, uğursuzluğun romantikləşdirilməsinə məsafə saxlaması da dəyərlidir.

Ancaq film bu tənqidi real ictimai-estetik müzakirəyə daşıya bilmir. Yoxsulları tarixi subyekt kimi qurmaqda çətinlik çəkir, ictimai sənət çevrəsini alternatifsiz şəkildə karikaturalaşdırır, ümidi isə kollektiv üfüqdən çox fərdi toparlanma jestinə çevirir.

Bu səbəbdən filmin dəyəri və sərhədi eyni nöqtədə düyünlənir: "Bir şair” melanxoliyanı dağıdır, amma onun yerinə güclü ümid ideyası qoya bilmir. Tam da buna görə film haqqında düşünmək yalnız Oskarın hekayəsini deyil, bu gün sənətin məğlubiyyətlə, yoxsulluqla, ümidlə və xalqla necə münasibət quracağını yenidən müzakirə etmək deməkdir.
 
"soL" dərgisi
--> -->