Maks Pirl, Literary Hub
Sietl Mərkəzi Kollecində (ABŞ, Vaşinqton - red.) adi bazar ertəsi səhərlərindən biri idi. Steysi Levin artıq on beş ildir bu icma kollecində bədii yazı fənnindən dərs deyirdi. İşə gəlib otağındakı masasının arxasında əyləşdi — arxadakı lövhədən bir az bürüşmüş dünya xəritələri asılmışdı — və "Facebook”u açdı. Sietlin hamı tərəfindən sevilən yerli kitab mağazası "Elliott Bay Book Company”dən bir dostu onu "Pulitser" mükafatının rəsmi saytına link verilmiş bir paylaşımda işarələmişdi.
O may günündən təxminən bir il sonra, videozəng vasitəsilə elə həmin ofis kreslosunda əyləşən Steysi mənə o anı belə nəql edir: "Gördüm ki, Sietldən üç-dörd nəfər finalçılar arasındadır. Sonra birdən öz adımı gördüm. Bunu "Facebook”dan öyrənməyim bir az qəribə, bir az da qəhərlidir”.
2025-ci ilin "Pulitser" mükafatının bədii ədəbiyyat nominasiyası üzrə finalçıları elan olunmazdan əvvəl Levinin "Siçanlar 1961” romanı haqqında ciddi mətbuatda cəmi iki rəy dərc edilmişdi: "3:AM Magazine” və "Washington Post”da. Oreqonun kiçik "Verse Chorus Press” nəşriyyatında işıq üzü görən bu kitab Soyuq müharibə isteriyasının kulminasiya nöqtəsində, Floridanın mistik və qəribə bir ölçüsündə qapalı həyat yaşayan iki bacının bir günündən bəhs edir.
Bu, dəhşətli dərəcədə qəribə kitabdır: asan heç bir nəsihəti olmayan, insan cildinə girmiş yadplanetlinin yer kürəlilərinə "salam, fani dostlarım” deməsini xatırladan, qulağa yad gələn dialoqlarla zəngin bir yetkinləşmə komediyası. Cümlələr ilk baxışdan olduqca sadə və anlaşıqlı görünür, lakin sonra hər şey absurd dərəcədə gülməli bir hala gəlir. Məsələn, personajlardan birinin dediyi kimi: "Mayami — günəşlə başlayan bir cənnətdir”.
"Sən kimsən axı, Steysi Levin?” — "Pulitser" elanından sonra bütün ədəbiyyat dünyası bu sualla çaxnaşmaya düşmüşdü.
Heç kim "Pulitser" mərclərində bu kitabı favorit saymazdı — xüsusən də Levinin özü. İşin ən maraqlı tərəfi isə o idi ki, elanla birlikdə pərdəarxası şayiələr də yayıldı: deyilənə görə, "Pulitser" Şurası münsiflər heyətinin irəli sürdüyü namizədləri rədd edərək öz qərarını diktə etmişdi.
"O gecə səhərə qədər gözümə yuxu getmədi”, — Levin xatırlayır. "Ertəsi gün isə "New York Times”dan elektron məktublar almağa başladım. Həmin gün işə gələ bilməyəcəyimi deməli oldum, çünki beynim tamamilə dayanmışdı”.
"Sən kimsən axı, Steysi Levin?” Ədəbiyyat dünyası bu sualı o qədər çox verirdi ki, mən özümü Nyu-Orleandakı bir toy barında, növbədə dayanan, bir az kefli bir qəriblə bu mövzunu müzakirə edərkən tapdım.
Lakin Sent-Luis doğumlu, üç roman və iki hekayə toplusunun müəllifi olan Levin 90-cı illərin ortalarından bəri kommersiyadan uzaq, dikbaş yazı tərzi ilə öz sadiq, "kult” oxucu kütləsinin sevimlisinə çevrilmişdi. Dostları və həmkarları üçünsə o, Sietl andeqraundunun canlı əfsanəsi idi.
İndi isə, ötən həftə "Siçanlar 1961” romanının "Ecco” nəşriyyatı tərəfindən yenidən çap edilməsi ilə, onun yeni oxuculara çatmaq üçün kifayət qədər imkanı olacaq. Və o, bütün bu uğurları "bazar qanunları” deyilən şeyə zərrə qədər də əhəmiyyət vermədən qazandı.
Vest Horn: sivilizasiyanın kənarındakı Florida
"Siçanlar 1961” romanındakı o köhnə, yerli Mayami dünyanın dörd bir yanından gələn mühacir oliqarx övladlarının öz "Aston Martin”lərini əzişdirdiyi indiki Mayami ilə müqayisədə tamam başqa, dərkedilməz bir dünyadır. Kitab uydurma bir qəsəbədə — Vest Hornda cərəyan edir. Bura Con Didionun vaxtilə təsvir etdiyi o məşhur Mayami-Biçdən — "kondisionerlərin elə dondurucu həddə çatdırıldığı bir yer ki, qadınlar tropik istidə brilyantlarının üzərindən xəz palto geyinə bilsinlər” — ola biləcək ən uzaq nöqtədir.
Bax burada, yeməkxanaların, rəqs gecələrinin və yellənən kreslolarda əyləşib keçmişdən ağızdolusu danışan qocaların dünyasında iyirmi yaşlarında iki bacı yaşayır: Mays və onun böyük bacısı Codi. Onların anaları bu yaxınlarda, "işlərin tam ortasında” vəfat edib. Qəsəbənin çörək sexində böyük yaz şənliyinin keçiriləcəyi günorta saatlarıdır. Yetim bacıların ruhi xəstəxanadan qaçmış və indi onlara qulluqçuluq edən Qörtl adlı qadınla birgə yaşadığı mənzildə isə, təəssüf ki, Maysdan əsər-əlamət yoxdur.
Çünki Mays küçələrdə ona "Süd sifət”, "Ağappaq” və ya "Popkorn baş” deyə qışqıran bir qrup yeniyetmə xuliqan tərəfindən qovulmaqdadır. Mays albinosdur, həm də beynində hər şey yerli-yerində deyil. O, kitabın böyük hissəsini ya bu karikatur yeniyetmələrdən qaçıb gizlənməklə, ya da Codinin "bir iş tap, oğlanlarla tanış ol, hamı kimi olmağa çalış” deyə bitib-tükənməyən deyinmələrindən yayınmaqla keçirir. Böyük bacı hamıdan yaxşı bilir ki, onların evim dediyi bu Vest Horn — müharibədən sonrakı şəhərkənarı həyatın zahiri, sünbül qoxulu Amerika mədəniyyətinin nostaljili, qızdırmalı yuxusu — kənarda qalanlar üçün necə amansız bir məkana çevrilə bilər.
Levin yazır:
"İstənilən məhəllədə — istər günəşli, istərsə də kül rəngli boz günortada — küçə ventilyasiya barmaqlıqlarından kükürdlü buxar qalxmaz; ağaclar cırıldamaz; ruhlar uçuşmaz; lakin o adi, kobud insan bədxahlığı hər yerdədir”.
"Florida ilə aranda nə var? Bura sənin şəxsi qum yeşiyindir?” — bir dəfə dostu Levindən soruşub. "Siçanlar 1961” onun 2005-ci ildəki "Frensis Conson” romanından sonra süjeti Floridada keçən ikinci kitabıdır. Bura niyə dönə-dönə qayıtdığını özü də dəqiq bilmir — bircə onu bilir ki, bu yer həm botanik, həm də mədəni baxımdan çox fərqlidir və vaxtilə, yeniyetmə ikən Fort-Loderdeyldə bir ailənin yanında mürəbbiyə işləyib.
Missuridən olması və özünü "ifadə ovçusu” adlandırması da yerli ləhcəni özünəməxsus absurd çalarlarla canlandırmağa kömək edib. "Mən "bu mənim vecimə də deyil” kimi qədim ifadələrlə böyümüşəm”, — Levin deyir. "Kitabda bu ifadələrdən bəziləri var, bəzilərini isə sadəcə özümdən uydurmuşam”.
Sietl andeqraundu və iş tapmağın dəhşəti
Böyüyəndə Levin danışmaqdansa dinləməyə üstünlük verirdi. Yəqin elə buna görə də onda dilə qarşı ağzını tərpətmədən, qarnında danışan kukla ustalarına xas maraq var. Bu xüsusiyyət Mərkəzi Missuri Universitetinin jurnalistika fakültəsində oxuyanda onun çox işinə yarayıb. O, bir əlində baş və şəhadət barmağı olmayan, mühazirə zamanı barmaqlarının qalan hissələrini oynada-oynada qısa cümlələr barədə qışqıran professorunu xatırlayır: "Zərflər! Zərflərdən xilas olun!”
O, təxminən on il rok jurnalisti kimi fəaliyyət göstərib — əvvəlcə Vaşinqtonda, sonra isə Sietldə məskunlaşanda. Hətta bir vaxtlar əfsanəvi "The Stranger” qəzetinin qızıl dövründə orada insanların peşələri haqqında müsahibələr aldığı bir köşəsi də var idi.
"Mən heç vaxt diktofondan istifadə etmirdim”, — Levin izah edir. "Özümü öyrətmişdim ki, deyilənləri karandaşla qeyd edim və müsahibədən dərhal sonra, yaddaşım hələ təzəykən boşluqları doldurum”.
O dövrün Sietli sənətçilər üçün cənnət idi. O, musiqiçilərin yaşadığı bir evə köçür, ucuz kirayə ödəyir və davamlı olaraq şıltaq, birdəfəlik layihələrdə iştirak edirdi. Ketlin Hanna ilə eyni mühitdə fırlanır, dövrün vizit kartı sayılan "Kill Rock Stars” leyblı üçün səsli bədii albom buraxır və vaxtilə "Nirvana” ilə çıxış etmiş violonçel ifaçısı Lori Qoldstonun bəstələdiyi kukla operası üçün libretto yazırdı. Vaşinqton Universitetində magistr dərəcəsini bitirərkən isə ofisiantlıq etdiyi restoranın arxa otağında qalırdı.
İş mövzusu onun yaradıcılığının əsas xətlərindən biridir. Konkret desək, iş tapmağın və onu qoruyub saxlamağın əzabı. Onun 1997-ci ildə işıq üzü görən "Dra—" adlı ilk romanında eyniadlı baş qəhrəman iş yaşına çatanda onu "işləmək arzusu münasibətilə” təbrik edən və Məşğulluq İdarəsinə dəvət edən bir məktub alır. O, iki başlanğıc vakansiya arasında seçim edə bilmir: onlardan biri tozu növlərinə görə təsnif etmək, digəri isə "kiçik su nasosuna” nəzarət etməkdir. Bu qərarsızlığına görə qüdrətli Menecer tərəfindən dəhlizin sonundakı qaranlıq bir otağa sürgün edilir. Orada ona "çarpayıya uzanmaq, için rahatlayana qədər sidiyə çıxmaq və mən gələnə qədər sakitcə gözləmək” əmr olunur. Ertəsi gün isə o, bu ağlasığmaz dərəcədə nəhəng binanın içində, pnevmatik borudan aşağı film kasetlərini itələməkdən ibarət ilk işinə göndərilir.
Yarı Kafka, yarı Terri Gilliam üslubunda olan bu məkan onun və bir neçə "həyatdan soyumuş dostunun” magistraturanı bitirdikdən sonra işlədiyi Vaşinqton Universiteti Tibb Mərkəzindən ilhamlanıb.
"Bura sonu görünməyən dəhlizləri olan ən qəribə bina idi”, — Levin deyir. "Birinci zirzəmi və ikinci zirzəmi var idi. Mən təcili yardım şöbəsində işləyirdim və işimin bir hissəsi kuryerlik idi, ona görə də hər tərəfi gəzib dolaşırdım”.
HBO-nun "Severance” serialının mənəvi sələfi kimi hiss olunan bu ofis kabusunun — "Dra—” romanının ideyası isə bir gün xəstəxananın artıq əşyalar anbarına enərkən ağlına gəlib:
"O zirzəmilərdən birinə düşdüm və orada qəfəslər var idi — nə olduqlarını bilmirdim. Köhnə tibbi avadanlıqlar. Doğrudan da dəhşətli şeylər idi. Müəyyən səhnələr üçün beynimdə canlandırdığım Tibb Mərkəzinin o nöqtələrini hələ də dəqiqliklə görürəm — məsələn, Dra—nın Tibb Etikası şöbəsinin düz qarşısında, döşəmədə bir cütlüklə qucaqlaşıb yatdığı anı. Mən o vaxtdan bəri sadiq qaldığım istehzalı, acıgülüşlü nəql tərzini inkişaf etdirməyə çalışırdım və məncə, bu tərz bir az azalsa, dəyişsə də, "Siçanlar 1961”də hələ də qalır”.
Günəşlə başlayan cənnətin qaranlığı
Hər nə qədər kompüter simulyasiyasını xatırlatsa da, "Siçanlar 1961”in o köhnə Mayamisi də eyni dərəcədə real həyatdan götürülüb. İlk mərhələlərdə Levin yalnız bunu bilirdi: bu kitab da iki bacı haqqında, onlardan birinin albinos olduğu növbəti böyümə hekayəsi olacaq. Donuzlar körfəzi əməliyyatından sağ çıxan yeganə pilotun xatirələrini oxuduqdan sonra — "bərbad yazılmışdı, amma detallarla dolu idi” — o qərara gəldi ki, süjet Soyuq müharibə dövrünün Mayamisində cərəyan etməlidir. Kitabdakı həmin pilot personajı MKİ agentlərinin içi pulla dolu çamadanlarla gəlməsini günlərlə, həftələrlə gözlədiyini danışır.
Levin kiçik bir qrant alaraq Mayamiyə uçur, maşın kirayələyir və şəhəri qarış-qarış gəzir. Donuzlar Körfəzi Muzeyini, Mayami-Biç Botanika Bağını və Qörtl obrazına ilham verən o qorxulu, qaranlıq yetimxananın yerini ziyarət edir. "Facebook” qruplarından və qocaların keçmiş Floridanı xatırladığı saytlardan topladığı fotoşəkillərlə silahlanmış Levin "Coral Way” adlı yaşayış massivinə yollanır və orada hələ də "köhnəliyin izlərini” tapır. Kitabda o, bu yerin adını dəyişib "Reef Way” qoyur və əsərin baş küçəsinə çevirir.
O qeyd edir ki, bu günəşli nostaljinin arxasında böyük bir qaranlıq gizlənir: "O dövrdə əsas prinsip bu idi: gəlin bu torpağı fəth edək, yerli əhalini didərgin salaq və özümüz üçün bu gözəl şəhəri quraq”. "Siçanlar 1961” amansızlıq və eqoizmlə doludur, lakin eyni zamanda burada insanlar bir-birinə qarşı yöndəmsizcəsinə şəfqətli olmağa çalışırlar — sanki onlara bunun necə ediləcəyini heç kim öyrətməyib.
Kitabın qırxa yaxın personajını bir araya gətirən o səs-küylü, xaosla dolu böyük final məclisini oxuyarkən mən dönə-dönə düşündüm: bax, Amerika budur. Həyatı sanki yuxulu kimi yaşayan, cəmiyyətə uyğunlaşa bilməyən qəribələr; kənardan gələnlərə qarşı isterik və düşmən; şayiələrə və sui-qəsd nəzəriyyələrinə həssas; amma eyni zamanda o "salam, qonşu!” xasiyyətli kiçik qəsəbə xəyalını qoruyub saxlamağa can atan insanlar...
Doğrudan da, günəşlə başlayan bir cənnət...
QEYD: Maks Pirl "Siçanlar 1961” romanının müəllifini yaxından tanıyır
Şərhlər