Xəbər lenti

“Kann” festivalının əsas mükafatını “Fjord” filmi  qazandı
Sənət 06:49 24.05.2026

“Kann” festivalının əsas mükafatını “Fjord” filmi qazandı

Bu, rumıniyalı rejissor Kristian Munçunun nüfuzlu "Qızıl Palma budağı” mükafatını ikinci dəfə qazanmasıdır.

 


Rumıniyalı rejissor Kristian Munçunun Norveçdə yaşayan xristian ailəsindən bəhs edən düşündürücü dram filmi "Fjord” "Kann” Film Festivalında ən yaxşı film mükafatına layiq görülüb.


Munçu şənbə günü festivalın ulduzlarla zəngin bağlanış mərasimində ikinci "Qızıl Palma budağı” mükafatını alıb.


Sebastyan Stan və Renate Reynsvenin rol aldığı dram Rumıniyadan Norveç kəndinə köçən dini ailənin qarşılaşdığı dəyərlər toqquşmasını mövzu edir.


Film Norveçə köçən evangelist ailədən bəhs edir. Qısa müddət sonra isə uşaqları cəzalandırdıqları üçün sosial xidmət orqanları tərəfindən ailənin əlindən alınır. Munçu filmi "solçu fundamentalizm” haqqında hekayə adlandırıb.


Həqiqi hadisələr əsasında çəkilən ekran işi filmdə təsvir olunan norveçlilərin guya mütərəqqi dəyərlərini, eləcə də uşaq müdafiəsi sistemini sorğulaması ilə diqqət çəkir.


"Bu, tolerantlıq, inklüzivlik və empatiya haqqında mesajdır. Bunlar hamımızın dəyər verdiyi gözəl prinsiplərdir, lakin onları daha tez-tez tətbiq etməliyik”, – deyə Munçu tamaşaçılara bildirib.


Kristian Munçu bununla "Qızıl Palma budağı”nı iki dəfə qazanan 10-cu rejissor olub. Onun 2007-ci ildə çəkdiyi abort mövzusundakı rumın dramı "4 ay, 3 həftə və 2 gün” də bu mükafata layiq görülmüşdü.


Andrey Zvyagintsevin Rusiyanın Ukraynaya müdaxiləsi fonunda hadisələri əks etdirən və amansız biznesmendən bəhs edən "Minotaur” adlı müharibə dramı festivalın ikinci ən nüfuzlu mükafatı olan "Qran Pri”ni qazanıb.


Hazırda Fransada sürgündə yaşayan Zvyagintsev Rusiya Prezidenti Vladimir Putinə müraciətində belə deyib:


"Qırğına son qoyun, bütün dünya bunu gözləyir.”


Yaponiyalı rejissor Ryusuke Hamaquçinin qocalar evi haqqında çəkdiyi "All of a Sudden” dramındakı rollarına görə belçikalı Virjini Efira və yapon aktrisa Tao Okamoto ən yaxşı qadın roluna görə mükafatı bölüşüblər.


Lukas Dhontun rejissoru olduğu Birinci Dünya müharibəsi mövzusundakı gey dramı "Coward” filmindəki rollarına görə belçikalı Emmanuel Makkia və Valentin Kampan da ən yaxşı kişi aktyor mükafatını birlikdə qazanıblar.


Ruandalı rejissor Mari-Klementin Dusabejambo isə soyqırımı mövzusunda çəkdiyi ilk filmi "Ben’Imana”ya görə "Qızıl kamera” mükafatına layiq görülüb. Rejissor mükafatı "ölkəmin qadınlarına” həsr etdiyini bildirib.

--> -->