Xəbər lenti

Xarici dil imtahanlarında nə dəyişəcək? (AÇIQLAMA)
Ölkə 19:09 18.09.2025

Xarici dil imtahanlarında nə dəyişəcək? (AÇIQLAMA)

2027-ci ildə tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənləri üzrə yeni növ tapşırıq modelindən istifadə ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. 

O qeyd edib ki, həmin tapşırıq modelindən bu il IX sinif buraxılış imtahanlarında ilk dəfə istifadə olunub. DİM sədri deyib ki, söhbət imtahanın ümumi modelinin dəyişməsindən deyil, yalnız xarici dil üzrə yazı bacarıqlarının yoxlanılması üçün yeni növ tapşırıq tipindən gedir. 

Milli Məclisin deputatı Cehyun Məmmədov Qaynarinfo-ya bildirib ki, bu şagirdlər üçün narahatlıq doğuran məsələ deyil:

"Biz davamlı olaraq Dövlət İmtahan Mərkəzinin imtahan sualları ilə bağlı müəyyən dəyişikliklər etdiyinin şahidiyik. Bu gün dünyada xarici dil  biliyinin ölçülməsi müxtəlif vasitələrlə həyata keçirilir. Yəni, bu bir modellə olmur. Bu mənada dil biliklərinin dəqiq, daha yaxşı ölçülməsi üçün Dövlət İmtahan Mərkəzi müəyyən layihələr üzərində işləyir və prosesi hansı formada həyata keçirmək üçün araşdırma aparırdı. Görünən odur ki, yekunda model olaraq bunun üzərində dayanılıb və belə qərar qəbul olunub".
 


Deputat qeyd edib ki, sözügedən modellə müəllimlərin bilik və bacarıqları daha yaxşı ölçülə biləcək:

"Düşünürəm ki, burada narazılıq üçün ciddi əsas yoxdur. Hesab edirəm ki, bu dəyişiklik müəllimlərin, daha doğrusu şagirdlərin bilik və bacarıqların daha dəqiq ölçülməsinə, dəqiq müəyyənləşdirilməsinə öz töhfəsini verəcək. Qiymətləndirmə daha dəqiq və obyektiv olacaq. Biz məsələyə bu  aspektdən yanaşmalıyıq".

Deputat bunun önəmli bir qərar olduğunu vurğulayıb:

"Biz bunu imtahanlardan sonra daha dəqiq formada qiymətləndirə biləcəyik".

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->