Azərbaycan xalqı zəlzələ zamanı bizə qardaş olduğunu hiss etdirib.
Bunu jurnalistlərə açıqlamasında türkiyəli müğənni Haluk Levent bildirib.
"Azərbaycanlı qardaşlarımdan çox yardım gördüm. Bunu qəti şəkildə deyə bilərəm. Sizə və Azərbaycan xalqına minnətdarıq. Zəlzələ zamanı bizə çox böyük dəstək oldular, köməyə gəldilər, qardaş olduğumuzu hiss etdirdilər", – deyə o vurğulayıb.
H. Levent qeyd edib ki, zəlzələdən zərər çəkmiş şəhərlərdə bərpa işləri davam edir: "Hazırda işlər davam edir. Mən də "Ahbap" Dərnəyinin rəhbəri olaraq əlimdən gələni etməyə çalışıram. Dövlətin bütün qurumları orada çalışır. Hər kəs həmin şəhərləri yenidən ayağa qaldırmaq üçün səy göstərir. İnanıram ki, ən yaxın zamanda əvvəlki günlərə qayıdacağıq".
Müğənni şəhərsalma və təhlükəsiz şəhər anlayışına toxunaraq bildirib ki, sağlam şəhərlərin əsasını güclü infrastruktur təşkil edir: "Sağlam infrastruktur olmadan təhlükəsiz şəhər qurmaq mümkün deyil. Qanun və normativlərə uyğun tikililər şəhərlərin gözəlliyi və təhlükəsizliyi üçün çox vacibdir. Əgər şəhər insanlara xoşbəxtlik və rahatlıq vermirsə, o şəhər ruhsuz və ölü şəhərdir. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır".
O, yaxın aylarda Bakıda konsert proqramı ilə çıxış edəcəyini də açıqlayıb. "Sentyabr ayında Bakıda konsertim olacaq. Qarabağa da getmək, orada konsert vermək istəyirəm".//Report
Şərhlər