Xəbər lenti

Süper El Nino üçün yeni xəbərdarlıq: 1877-ci il fəlakəti təkrarlana bilərmi?
Dünya 16:22 18.05.2026

Süper El Nino üçün yeni xəbərdarlıq: 1877-ci il fəlakəti təkrarlana bilərmi?

Qlobal iqlim modellərindən əldə olunan son məlumatlar güclü El Nino ehtimalının sürətlə artdığına işarə edir. Temperatur artımından yağıntı rejimlərinə qədər bir çox sahədə zəncirvari təsirlərin gözlənildiyi bildirilir. 

Qaynarinfo xəbər verir ki, bəzi ssenarilər isə 1877-ci ildə baş verən və tarixdə ən güclü El Nino hadisələrindən biri kimi qəbul edilən fəlakət səviyyəsinə yaxınlaşma ehtimalını gündəmə gətirir. El Nino təsiri nə vaxt hiss olunacaq, 1877-ci ildə dünyada nələr baş vermişdi və Türkiyə bu prosesdən necə təsirlənə bilər suallarına mütəxəssislər Hürriyyət.com.tr-yə açıqlama verib.

Qlobal iqlim sisteminə dair yayımlanan son model proqnozları yaxın aylarda təsir göstərə biləcək güclü "super El Nino” ehtimalının artdığını göstərir. Mütəxəssislər bu prosesin yalnız müəyyən regionlarla məhdudlaşmayacağını, dünya üzrə temperatur, yağıntı rejimi və ekstremal hava hadisələrinə ciddi təsir göstərə biləcəyini vurğulayır.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi (ECMWF) mart ayında yayımladığı hesabatda super El Nino ehtimalına diqqət çəkmişdi. İstanbul Aydın Universitetinin müəllimi, meteorologiya üzrə mütəxəssis Dr. Güvən Özdemir bu barədə "El Nino meteoroloji baxımdan mühüm siqnaldır” deyərək onun qlobal atmosfer sirkulyasiyasını dəyişə biləcəyini bildirib.

El Nino bir neçə ildən bir baş verən təbii iqlim hadisəsidir. Bu proses zamanı tropik Sakit okeanın şərq və mərkəz hissələrində səth suları normadan çox isinir və bu, qlobal hava sistemlərinə təsir göstərir. Mütəxəssislərin sözlərinə görə, bu il dəniz səth temperaturunun orta göstəricidən təxminən 3°C yüksək ola biləcəyi və bunun rekord səviyyələrdən biri olduğu ehtimal edilir.

İyun ayına diqqət

Türkiyə Kırşehir Ahi Evran Universitetindən dosent Dr. Doğukan Doğu Yavaşlı bildirib ki, müşahidələr 2026-cı ilin ikinci yarısında güclü El Nino ehtimalını gücləndirir. Onun sözlərinə görə, "yaz qeyri-müəyyənlik baryeri” səbəbilə daha dəqiq proqnozlar iyun və iyul yenilənmələrində bəlli olacaq.

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) 11 may tarixli qiymətləndirməsinə əsasən, may–iyul 2026 dövründə El Nino formalaşma ehtimalı 61%-ə yüksəlib. İl sonuna qədər hadisənin "çox güclü El Nino” səviyyəsinə çatma ehtimalı isə təxminən 25% olaraq göstərilir.

Kolumbiya Universitetinin Beynəlxalq İqlim və Cəmiyyət Araşdırmaları İnstitutunun (IRI) 20 aprel yenilənməsinə görə, artıq +0,5°C həddi keçilib və bu vəziyyət "sürətlə inkişaf edən ENSO şərtləri” kimi qiymətləndirilir. İqlim modelləri iyul–sentyabr dövrü üçün ehtimalı 94%-ə qədər yüksəldir.
 


1877-ci il fəlakəti ilə bağlı narahatlıq

Mütəxəssisləri narahat edən əsas məqamlardan biri 1877–1878-ci illərdə baş verən və tarixdə ən güclü El Nino kimi qəbul edilən hadisənin təsirlərinin yenidən təkrarlanması ehtimalıdır. O dövrdə Hindistan, Çin, Braziliya və bir çox regionda genişmiqyaslı qıtlıqlar qeydə alınmışdı.

Tarixi məlumatlara görə, həmin hadisə nəticəsində 50 milyondan çox insan həyatını itirib. Tədqiqatçılar bunu "bəşəriyyət tarixinin ən ağır ekoloji fəlakətlərindən biri” kimi xarakterizə edir.

Dosent Doğukan Doğu Yavaşlı bildirib ki, 2026-cı il üçün bəzi modellər Nino 3.4 indeksində +3°C-yə yaxın pik göstərici proqnozlaşdırır ki, bu da 1997–98 və 2015–16 hadisələrindən daha güclü siqnal ola bilər.

Lakin mütəxəssislər vurğulayır ki, 1877 fəlakətinin ölümcül miqyası yalnız iqlim hadisəsi ilə bağlı deyildi; həmin dövrdə sosial və iqtisadi sistemlərin zəifliyi də mühüm rol oynayıb.

Ekstremal hava hadisələri daha güclü ola bilər

ABŞ-ın Vaşinqton Dövlət Universitetindən Dr. Deepti Sinq bildirir ki, keçmişdəki kütləvi itkilər yalnız iqlimdən qaynaqlanmırdı, lakin müasir dövrdə daha isti atmosfer və okeanlar ekstremal hadisələri daha da gücləndirə bilər.

Mütəxəssislərə görə, ENSO, Hind Okeanı Dipolu, Atlantik çoxillik salınımı kimi sistemlərin eyni istiqamətdə üst-üstə düşməsi "birləşmiş iqlim hadisələri” yarada bilər və bu, uzunmüddətli quraqlıqlara səbəb ola bilər.

Beynəlxalq araşdırmalara görə, qlobal miqyasda yanmış ərazilərin həcmi bəzi illərlə müqayisədə xeyli artıb və bu vəziyyət El Nino ehtimalı ilə birlikdə daha riskli mövsümə işarə edir.

Aydın
--> -->