Xəbər lenti

İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb
Dünya 16:49 18.05.2026

İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb

13 Yaxın Şərq və Şimali Afrika ölkəsində hakerlərin kütləvi həbsləri həyata keçirilib

İnterpol Yaxın Şərq və Şimali Afrika regionunda kibercinayətkarlığa qarşı genişmiqyaslı regional əməliyyat keçirdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, "Ramz” adlı əməliyyat çərçivəsində 13 ölkənin hüquq-mühafizə orqanları 201 nəfəri saxlayıb və daha 382 şübhəlini müəyyən edib. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Əməliyyat 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralına qədər davam edib və MENA regionunda İnterpol tərəfindən indiyədək koordinasiya edilən ən böyük kiberəməliyyat hesab olunur.

Kampaniyanın əsas məqsədi fişinq sxemləri, zərərli proqramların yayılması və regionun iqtisadiyyatı ilə infrastrukturuna ziyan vuran müxtəlif kiberdələduzluq formalarına qarşı mübarizə olub.

Nəticədə hüquq-mühafizə orqanları təxminən 3,9 min potensial kibercinayət qurbanını müəyyən edib və qanunsuz fəaliyyətlərdə istifadə olunan 53 serveri müsadirə edib.

Əməliyyatda Əlcəzair, Bəhreyn, Misir, İraq, İordaniya, Livan, Liviya, Mərakeş, Oman, Fələstin, Qətər, Tunis və Birləşmiş Ərəb Əmirliklərinin güc strukturları iştirak edib. İnterpol həmçinin zərərli infrastrukturun aşkarlanması və şübhəli fəaliyyətlərin izlənməsi üçün "Kaspersky” də daxil olmaqla texnologiya şirkətləri ilə əməkdaşlıq edib.

Aydın
--> -->