Xəbər lenti

İnklüziv və insan mərkəzli şəhərsalma əmlak bazarına necə təsir göstərə bilər? (ŞƏRH)
Ekonomiks 17:04 18.05.2026

İnklüziv və insan mərkəzli şəhərsalma əmlak bazarına necə təsir göstərə bilər? (ŞƏRH)

Ölkəmizdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası keçirilir. Bu beynəlxalq tədbir sürətlə urbanizasiya olunan müasir dünyada şəhərlərin qarşılaşdığı aktual problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Forum çərçivəsində şəhərsalmanın əsas istiqamətləri - əlçatan və keyfiyyətli mənzil təminatı, inklüziv şəhər mühitinin yaradılması, sosial bərabərliyin gücləndirilməsi, eləcə də dayanıqlı inkişaf prinsiplərinin tətbiqi geniş şəkildə müzakirə edilir. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda şəhərlərin ekoloji dayanıqlığının artırılması, infrastrukturun müasirləşdirilməsi və şəhər idarəetməsində innovativ yanaşmaların tətbiqi də gündəmdədir.

Bəs rahatlıq və sosial bərabərlik baxımından inklüziv şəhərsalma necə olmalıdır? İnklüziv və insan mərkəzli şəhərsalma əmlak bazarına necə təsir göstərə bilər?

Qaynarinfo-ya açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, insanın rahatlığı və sosial bərabərliyi baxımından inklüziv şəhərsalmada atılan bütün addımlar insana xidmət etməlidir:
 


"Xidmətlər, ekologiya, yaşıl iqtisadiyyat prinsipləri, binaların tikilməsi, nəqliyyat əlçatanlığının təmin olunması, vaxta qənaət, səmərəli idarəetmə kimi prinsiplərin hamısı nəticə olaraq insan həyatının asanlaşdırılmasına, operativləşdirilməsinə, eyni zamanda rahatlaşmasına xidmət göstərməlidir".

Vüqar Oruc vurğulayıb ki, bunun üçün idarəetməni asanlaşdırmaq və insanların şəhər idarəetməsində iştirakını təmin etmək lazımdır:

"Böyük şəhərlərdə böyük şəhər bələdiyyələri formalaşdırılmalıdır. İnsanlar həmin bələdiyyələr vasitəsilə idarəetmədə yaxından iştirak etməlidir. İcra hakimiyyətləri, kommunal qurumlar öz vəzifələrini icra etdikləri halda belə vətəndaşların həmin proseslərdə yaxından iştirak etməməsi son nəticədə ciddi problemlərin meydana gəlməsinə səbəb olur. Əlilliyi olan sakinlər üçün binaların tikintisi zamanı müvafiq sahələrin nəzərə alınması, onların hərəkətliliyinin təmin olunması, hərəkətlərin qarşısında maneələrin aradan qaldırılması üçün qurğu və strukturların təşkili, eyni zamanda nəqliyyat əlçatanlığının təmin olunması, velosiped yollarının, piyada keçidlərinin, işıqforların, nəqliyyat əlçatanlığı və həm də insanların hərəkətini asanlaşdıran sistemlərin həyata keçirilməsi insan mərkəzli şəhərlərin salınmasında çox böyük önəm kəsb edir".

Sədr bildirib ki, inklüziv yanaşma şəhərin təşkilində sistemli yanaşma kimi qəbul olunmalıdır:

"Şəhər təkcə gözəl bəzədilmiş hündür mərtəbəli binalar yox, əlçatanlıq, rahatlıq, yaşıllıq, ekologiyanın qorunması, insan sağlamlığının mühafizə edilməsi deməkdir. Əlilliyi olan insanların digər insanlar kimi tam mənada yaşama imkanlarının təmin olunması deməkdir. Bu cür şəhərlər salındıqca urbanizasiya problemi həll olunacaq. Adətən qeyri-bərabər salınmış şəhərlər son nəticədə təbəqələşməyə gətirib çıxarır. Məsələn, şəhərin bir tərəfində varlı insanlar, digər tərəfində isə kifayət qədər imkanı olmayan insanlar toplaşır. Bu da çox ciddi ziddiyyətlərin və inkişaf üçün problemlərin yaranmasına səbəb olur. Elə bir şərait yaradılmalıdır ki, istər-istəməz hər kəs şəhərdə öz gəlirlərinə, imkanlarına uyğun ev ala bilsin. Bu da insan mərkəzli şəhərsalmanın əsas nəticələrindən biridir".

İnklüziv və insan mərkəzli şəhərsalmanın əmlak bazarına təsirləri haqqında danışan həmsöhbətimiz deyir ki, əmlak bazarına təsiri bütün bu proseslərin normal və dayanıqlı əmlak bazarının formalaşması kimi xarakterizə oluna bilər:

"Yüksək qiymətlərin yox, əlçatan qiymətlərin təmin olunması, qiymətlərin sadəcə binaların harda yerləşməsinə görə deyil, onun yaşayış üçün lazım olan kriteriyaların, nə dərəcədə zəngin olması ilə əlaqəli olacaq. Məsələn, insanlar əvvəl əmlak alarkən yaşayış üçün uyğun, yaxşı təmir kimi kriteriyaları əsas götürürdülər, daha sonrakı dövrlərdə isə mənzili bazara çıxararkən həmin mənzilin biznes xarakteri ortaya çıxır. Yəni ilk soruşulan, "kirayə vermək olurmu" kimi suallar olur. Üçüncü dövrdə isə enerji pasportunun olub-olmaması, ekoloji prinsiplərin qorunub-qorunmaması, az enerji sərfiyyatı, inklüziv yanaşmanın mövcud olub-olmaması, vətəndaş üçün nəqliyyatın əlçatanlığı, yaşayış üçün lazım olan elementlərə yaxınlıq, yaşıllığın çox olması kimi xüsusiyyətlər, binaların tikintisində ekoloji təmizliyin əsas götürülməsi kimi amillər nəzərə alınır".

Vüqar Oruc vurğulayıb ki, bir dövrü geridə qoyub digər dövrə keçirik, bu da əmlak bazarına müsbət təsir göstərəcək:

"Əmlak bazarının tələb kriteriyaları dəyişəcək. İndi şəhərin mərkəzində yerləşən zövqlə tikilən binalar yox, əlçatan, bütün tələbləri ödəyən, dayanıqlı, enerji pasportu olan, az xərclə yaşayış təmin edəcək mənzillər daha çox dəbdə olacaq".
 
Günay İlqarqızı

--> -->