Mənzilə dair tələbin pozulmasına görə keçmiş məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə qəsəbələrdə yerləşən Mənzil-Kommunal İstismar Sahələri (MKİS) tərəfindən mütəmadi olaraq nəzarət edilir:
"Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə məhkəmə qərarı ilə xitam verilir. 2025-ci ilin ötən dövründə qeyd edilən məsələ ilə bağlı məhkəməyə 105 müraciət edilib. Onlardan 38-i Dövlət Komitəsinin xeyrinə təmin olunub, 42-i baxılmaqdadır, 7-i rədd edilib, 18-i isə baxılmamış saxlanılıb. Qeyd edək ki, boşalmış mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir”.
Şərhlər