Xəbər lenti

Hansı günlərdə oruc tutmaq qadağandır?
Ölkə 20:10 24.02.2026

Hansı günlərdə oruc tutmaq qadağandır?

İslam dinində oruc müəyyən qaydalar və zaman çərçivəsində yerinə yetirilən əsas ibadətlərdən biridir. Bununla yanaşı, bəzi günlərdə oruc tutmaq dini baxımdan qadağan olunur və ya bəyənilmir. Bu günlərdə oruc tutulması uyğun hesab edilmir.

Qaynarinfo xəbər verir ki, mənbələrə əsasən, oruc tutulması qadağan edilən günlərin başında bayram günləri gəlir. Həzrət Məhəmməd (s.ə.s.) iki vaxtda oruc tutulmayacağını bildirib. Bunlardan biri Ramazan bayramının birinci günü, digəri isə Qurban bayramı günləridir. 

Qaydalara görə, Ramazan bayramının yalnız birinci günü, Qurban bayramının isə dörd günü oruc tutmaq qadağandır. Alimlərin izahına əsasən, bu günlərin qadağan edilməsinin səbəbi onların yemək, içmək və sevinc günləri olmasıdır. Ramazan bayramı bir ay davam edən oruc ibadətinin başa çatması münasibətilə qeyd olunur və ümumi iftar günü kimi dəyərləndirilir. Bu baxımdan həmin gün oruc tutmaq uyğun sayılmır.

Qurban bayramı günləri də eyni mahiyyət daşıyır. Rəvayətlərdə bildirilir ki, təşriq günləri yemək, içmək və Allahı anma günləridir.

Bununla yanaşı, bəzi hallarda müəyyən günlərdə oruc tutmaq tövsiyə edilmir. Məsələn, həcc ziyarətində olan şəxslərin Zilhiccə ayının 8-ci (Tərviyə) və 9-cu (Ərəfə) günlərində oruc tutmaları, əgər bu onları zəif sala bilərsə, münasib hesab olunmur. Hədislərdə Ərəfə günü Ərafatda olanların oruc tutmasının qadağan edildiyi bildirilir.

Digər tərəfdən, bəzi günlərdə oruc tutmaq məkruh sayılır. Məsələn, yalnız Aşura günü (Məhərrəm ayının 10-cu günü) oruc tutmaq, başqa din nümayəndələrinə bənzəmək ehtimalına görə uyğun hesab edilmir. Həmçinin Şaban ayının son günündə – Ramazan ayının başlayıb-başlamadığına şübhə edilən "şəkk günü”ndə oruc tutmaq da məkruh sayılır. Hədislərdə Ramazanı bir və ya iki gün əvvəl oruc tutaraq qarşılamaq qadağan edilib.

Bundan əlavə, iki və ya daha artıq günü iftar etmədən ardıcıl oruc tutmaq da bəyənilmir. Bu, "visal orucu” adlanır. Rəvayətlərə görə, Peyğəmbər (s.ə.s.) bu cür orucu səhabələrinə qadağan etmişdir.

Nəticə olaraq, İslam hüququnda oruc ibadəti ilə bağlı həm vacib, həm də qadağan və ya məkruh hesab olunan günlər müəyyənləşdirilib. Bayram günlərində oruc tutulması isə açıq şəkildə qadağan olunan hallar sırasındadır.
 
Günay
--> -->