Beyin sağlamlığı deyildikdə çox vaxt insanlar intellektual məşqləri - krossvord, sudoku və s. düşünürlər. Lakin mütəxəssislərin fikrincə, gündəlik qidalanma daha az rol oynamır və bəzi populyar məhsullar yaddaş, damarlar və beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə nevroloqlar və neyrobioloqlar "HuffPost” nəşrinə danışıb.
Mütəxəssislərin qeyd etdiyinə görə, əsas problem bəzi qidaların beyin damarlarına və bağırsaq mikrobiomuna təsiridir, çünki neyromediatorların böyük hissəsi məhz bağırsaqlarda formalaşır.
Nevroloqların uzaq durmağa çalışdığı qidalar:
Protein tozları
Neyrobioloq Friderike Fabrisius bildirir ki, bəzi protein əlavələrində süni şirinləşdiricilər olur. Bunlar bağırsaq mikrobiomuna təsir göstərə bilər. Mikroflora isə birbaşa beyin sağlamlığı ilə bağlıdır.
Şirin qazlı içkilər
Nevroloq Şahin Laxan şirin qazlı içkiləri beyin üçün ən zərərli məhsullardan biri adlandırır. Yüksək miqdarda sadə şəkər damarları zədələyə bilər və uzun müddətdə demensiya və insult riskini artıra bilər.
Marqarin və trans yağlar
Nevroloq Şey Dutta trans yağların damar sağlamlığına zərər verdiyini və beyin damarlarında problemlər yarada biləcəyini qeyd edir. Araşdırmalar yüksək trans yağ qəbulu ilə demensiya riski arasında əlaqə olduğunu göstərir.
Kannabis tərkibli məhsullar
Nevroloq Lester Leunq THC-nin beyin damarlarına təsir edə biləcəyini və yüksək dozalarda xüsusilə miqreni olan insanlarda risk yarada biləcəyini bildirir. Hətta insult ehtimalını da artıra bilər.
Alkoqol, o cümlədən pivə
Nevroloq Bayran Ho alkoqolu neyrotoksin adlandırır. Onun sözlərinə görə, hətta orta miqdarda istifadə belə sinir sisteminə zərər verə bilər.
Kofeinsiz qəhvə
Neyrobioloq Şon Kallan bəzi kofeinsiz qəhvə istehsalı prosesində istifadə olunan kimyəvi həlledicilərin sinir sistemi üçün risk yarada biləcəyini qeyd edir.
Kartof fri
Nevroloq Pedram Nəvab qızardılmış və yağlı qidaların beyin damar baryerinə zərər verə biləcəyini, bunun isə yaddaş və öyrənmə qabiliyyətinə mənfi təsir etdiyini bildirir.
Mütəxəssislər vurğulayırlar ki, bu qidaların tamamilə qadağan edilməsi deyil, onların həddindən artıq istifadəsindən qaçınmaq vacibdir. Əsas prinsip balanslı və şüurlu qidalanmadır.
Aydın
Şərhlər