Xəbər lenti

139 illik şirkət iflas etdi: Fermerlər 420 min şaftalı ağacını məhv edir
Dünya 21:38 11.05.2026

139 illik şirkət iflas etdi: Fermerlər 420 min şaftalı ağacını məhv edir

ABŞ-ın Kaliforniya ştatında bağçılıq sektorunda yaranan genişmiqyaslı böhran səbəbindən fermerlər yüz minlərlə şaftalı ağacını kəsməyə məcbur qalır. Səbəb bazar və emal sənayesində yaranan kəskin dəyişikliklərdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" yazır.

Bu radikal addımın əsas səbəbi 139 illik tarixə malik "Del Monte Foods" şirkətinin Modesto və Hyuson şəhərlərindəki konserv zavodlarını bağlamasıdır. Şirkət iflas elan edərək yüzlərlə insanın işini itirməsinə, fermerlərin isə onilliklər boyu davam edən müqavilələrsiz qalmasına səbəb olub.

Mövcud məlumatlara görə, kənd təsərrüfatı istehsalçıları ümumilikdə 550 milyon dollara qədər gəlir itirə bilər. Təxminən 420 000 şaftalı ağacı kəsilmək təhlükəsi altındadır.

Vəziyyəti stabilləşdirmək üçün hakimiyyət ağacların kökündən çıxarılması məqsədilə 9 milyon dollar həcmində yardım ayırıb. Rəsmilərin fikrincə, bazardan 50 000 ton şaftalının çıxarılması məhsul artıqlığının qarşısını alacaq və istehsalçıları əlavə 30 milyon dollar zərərdən qoruyacaq.

"Del Monte Foods"un bəzi aktivləri "Pacific Coast Producers" şirkəti tərəfindən satın alınsa da, bu şirkət məhsulun yalnız yarısını qəbul edə bilir. Nəticədə şaftalıların qalan hissəsi üçün alıcı tapılmır və fermerlərin digər kənd təsərrüfatı bitkilərinə keçməsi gözlənilir.

Daha əvvəl Çinlə bağlı genişmiqyaslı ekoloji layihə də gündəmə gəlmişdi. "Böyük yaşıl divar” adlı təşəbbüs çərçivəsində 1980-ci illərdən bəri təxminən 78 milyard ağac əkilib. Layihə əvvəlcə səhralaşma və toz fırtınalarına qarşı uğurlu ekoloji addım kimi qiymətləndirilirdi.

Lakin yeni elmi araşdırmalar göstərib ki, kütləvi yaşıllaşdırma su balansına mənfi təsir göstərə bilər. Meşə sahələrinin sürətlə artması buxarlanma və transpirasiya proseslərini gücləndirib, bəzi regionlarda su qıtlığına səbəb olub. Nəticədə su resursları ölkə daxilində qeyri-bərabər paylanır: bəzi ərazilər daha çox yağıntı alarkən, sıx məskunlaşmış bölgələr su çatışmazlığından əziyyət çəkir.

Aydın
--> -->