Cənubi Koreyanın Müdafiə Nazirliyi hərbi robot texnikası sahəsində "Hyundai Motor Company” ilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, "Bloomberg”in məlumatına görə, təşəbbüs Seulun dərinləşən şəxsi heyət çatışmazlığı fonunda süni intellekt və pilotsuz texnologiyaların sürətlə tətbiqi kursunun bir hissəsidir.
Ölkənin müdafiə qurumu bildirib ki, danışıqlar hazırda müzakirə mərhələsindədir və yeni nəsil yüksək texnologiyalı silahlı qüvvələrin formalaşdırılmasına yönəlib. Potensial tərəfdaşlığın detalları hələlik açıqlanmır.
"Korea Economic Daily” nəşrinin məlumatına görə, ordu robotlardan ilk növbədə döyüşdənkənar tapşırıqlarda — kəşfiyyat, müşahidə və logistika sahələrində istifadə imkanlarını araşdırır. Potensial həllər arasında "Spot” robot iti, "MobED” mobil platforması və "X-ble Shoulder” geyilə bilən ekzoskeletləri göstərilir.
Xüsusilə "Hyundai Motor Company”yə məxsus "Boston Dynamics” şirkətinin texnologiyalarından mümkün istifadə diqqət çəkir. Analitiklər qeyd edirlər ki, "Spot” robotlarının Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya olunmuş zonada yerləşdirilməsi bu cür sistemlərin kommersiya istifadəsindən kənarda hərbi potensialını nümayiş etdirən mühüm addım ola bilər.
Cənubi Koreya hakimiyyətinin ordunun robotlaşdırılmasına marağı demoqrafik böhran və silahlı qüvvələrin sayının azalması ilə bağlıdır. Son altı ildə ölkənin daimi ordusunun sayı təxminən 20 faiz azalaraq 450 min nəfərə düşüb. Müdafiə Nazirliyinin proqnozlarına görə, 2040-cı ilə qədər hərbçilərin sayı 350 min nəfərə qədər azala bilər.
Aydın
Şərhlər