Amazon meşələri ekoloji uçurumun bir addımlığındadır. Əgər bəşəriyyət bu həddi keçərsə, meşə massivini bərpa etmək artıq mümkün olmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "RMF24” nəşri yazır.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, "planetin ağciyərləri” adlandırılan dünyanın ən böyük tropik meşəsi artıq 2040-cı ildən etibarən quru savannaya çevrilməyə başlaya bilər.
Araşdırmanın həmmüəllifi Yohan Rokström bildirib ki, meşələrin daha da qırılması bu sabitliyi zəiflədir. Bu, yalnız region üçün deyil, bütün planet üçün genişmiqyaslı nəticələrə səbəb ola biləcək fəlakətdir.
Əvvəllər hesab olunurdu ki, Amazon meşələri temperaturun 4 dərəcə artmasına tab gətirə bilər. Lakin yeni təhlillər göstərir ki, geri dönməz dəyişikliklər artıq temperaturun 1,5-1,9 dərəcə Selsi yüksəlməsi zamanı başlaya bilər.
Alimləri xüsusilə meşələrin qırılma sürəti narahat edir. Hazırda meşələrin təxminən 17-18 faizi məhv edilib. Əsas səbəblər mal-qara üçün otlaq sahələrinin və soya plantasiyalarının genişləndirilməsidir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu göstərici 22-28 faizə çatdıqdan sonra dağıntı prosesi nəzarətdən çıxacaq.
Araşdırmanın aparıcı müəllifi Niko Vunderlinq izah edib ki, bu proses atmosferi qurudur və meşənin öz yağıntısını yaratmaq qabiliyyətini zəiflədir. Hətta mülayim əlavə istiləşmə belə təbiətin böyük hissəsində zəncirvari təsirlərə səbəb ola bilər.
Alimlərin sözlərinə görə, Amazon meşələri özünü dəstəkləyən sistemdir və regiondakı yağıntıların yarısına qədərini özü formalaşdırır. Amazon onilliklər boyu milyardlarla ton karbon qazını udaraq təbii bufer rolunu oynayıb.
Yohan Rokström qeyd edib ki, fəlakətin qarşısını almaq üçün hələ də imkan var. Onun fikrincə, meşələrin qırılmasının dayandırılması, zədələnmiş ərazilərin bərpası və emissiyaların sürətlə azaldılması riskləri əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Aydın
Şərhlər