Avropa İttifaqına üzv ölkələrdən biri olan Portuqaliya 2026-cı il üçün müdafiə xərclərini rekord səviyyədə artırıb. Artım 2025-ci illə müqayisədə 23,2% təşkil edir və təxminən 3,8 milyard avro əlavə vəsait deməkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wiadomosci" saytı yazır.
Məlumata görə, 2025-ci ilin yanvarından 2026-cı ilin aprelinə qədər Portuqaliyada müdafiə sənayesi ilə birbaşa bağlı təxminən 100 yeni şirkət yaradılıb. Ölkənin Müdafiə Nazirliyinin qiymətləndirməsinə əsasən, hazırda bu sektorda fəaliyyət göstərən şirkətlərin sayı 450-yə çatıb. Bu göstərici Portuqaliyanın 1986-cı ildə Aİ-yə üzv olmasından bəri ən yüksək rəqəm hesab olunur.
Poroqaliya mətbuatının məlumatına əsasən, 2025-ci ildə ölkənin müdafiə büdcəsi təxminən 6 milyard avro olub və bu, ÜDM-in 2%-nə bərabərdir.
Hökumət 2026-cı ildə müdafiə xərclərinin rekord artımını elan edib. Baş nazir Luis Monteneqronun rəhbərlik etdiyi hökumətin qərarına əsasən, əlavə 3,8 milyard avro müdafiə sektoruna yönəldiləcək.
"Portuqaliya şirkətləri hazırda Aİ-nin 17 müdafiə layihəsində iştirak edir”, deyə məlumatda bildirilir.
Müdafiə naziri Nuno Melo şirkət sayının və xərclərin artmasını Rusiya ilə müharibə və Ukraynadakı vəziyyət fonunda Avropaya qarşı artan təhlükələrlə əlaqələndirib.
Məqalədə qeyd olunur ki, Portuqaliya müdafiə şirkətləri xüsusilə dronlar, döyüş sistemləri və hava məkanının təhlükəsizliyi ilə bağlı Avropa səviyyəli layihələrdə fəaldır.
Aydın
Şərhlər