Bir zamanlar rəqibə çevrilən texnologiya nəhəngləri yenidən ortaq nöqtədə bir araya gəlib.
Qaynarinfo xəbər verir ki, "Apple"ın 2020-ci ildə öz prosessorlarına keçərək "Intel” ilə əməkdaşlığı dayandırması texnologiya sektorunda böyük dönüş nöqtəsi hesab olunurdu. Lakin hazırda iki şirkət arasında münasibətlər yenidən istiləşib və yeni istehsal tərəfdaşlığı üçün ilk razılaşmalar əldə olunub.
"Wall Street Journal” nəşrinin məlumatına görə, tərəflər təxminən bir ildir gizli şəkildə davam edən danışıqları rəsmi çərçivəyə salmağa nail olublar.
Yeni əməkdaşlıq "Apple”ın öz prosessor dizaynlarından imtina etməsi anlamına gəlmir. Əksinə, şirkət öz mühəndisləri tərəfindən hazırlanmış çiplərin istehsalı üçün istehsal kanallarını şaxələndirməyə çalışır.
Uzun illərdir istehsal yükünün böyük hissəsini Tayvanın "TSMC” şirkətinə həvalə edən "Apple” artıq "Intel”in müasir zavodlarından da istifadə edəcək. Bu strateji addım şirkətin tədarük zəncirində bir mənbədən asılılığını azaltmağa və logistika risklərini daha balanslı şəkildə bölüşdürməyə imkan verəcək.
Qlobal yarımkeçirici bazarında tələbatın rekord həddə çatdığı bir dövrdə prosessor istehsalı əvvəlkindən daha vacib sahəyə çevrilib. Xüsusilə süni intellekt texnologiyalarına yönəlmiş avadanlıqların sürətli inkişafı istehsal gücünə təzyiqi artırıb.
"Apple” bu şəraitdə istehsal sabitliyini qorumağa çalışarkən, "Intel” üçün bu əməkdaşlıq nüfuz məsələsi hesab olunur. Zavodlarını digər şirkətlər üçün açan "Intel”, "Apple” kimi yüksək standartlara malik bir markanı müştəri siyahısına daxil etməklə istehsal keyfiyyətini qlobal səviyyədə nümayiş etdirmiş sayılır.
Mütəxəssislərin fikrincə, gələcəkdə təqdim olunacaq bəzi "iPhone” modellərində və yeni nəsil "Mac” prosessorlarında istifadə ediləcək komponentlərin "Intel” zavodlarında istehsal olunacağı ehtimal edilir.
Hələlik hansı modellərin bu müəssisələrdə hazırlanacağı açıqlanmasa da, bu dəfə "Intel” adı "Apple” məhsullarında prosessor memarlığı kimi deyil, istehsal gücü kimi yer alacaq.
Ekspertlər hesab edirlər ki, iki texnologiya nəhənginin "qazan-qazan” prinsipi əsasında qurduğu bu əməkdaşlıq texnologiya dünyasında rəqabət və tərəfdaşlıq anlayışlarını yenidən formalaşdıra bilər.
Aydın
Şərhlər