Xəbər lenti

Bir kənddə hantavirus kabusu: 2018-də 11 nəfər ölüb - İnsandan insana keçirmi?
Sağlamlıq 18:30 11.05.2026

Bir kənddə hantavirus kabusu: 2018-də 11 nəfər ölüb - İnsandan insana keçirmi?

"MV Hondius" kruiz gəmisində qeydə alınan hantavirus halları illər əvvəl Argentinada baş vermiş ölümcül epidemiyanı yenidən gündəmə gətirib. 

Qaynarinfo xəbər verir ki, 2018-ci ildə Patagoniya bölgəsindəki Epuyen kəndində baş verən və 11 nəfərin ölümünə səbəb olan epidemiyada ailəsini itirən Mailen Valle yaşadıqlarını yenidən xatırlayıb.
 


2018-ci il epidemiyası yenidən gündəmdə

Arxiv məlumatlara görə, 2 min 400 nəfərlik Epuyen kəndində 2018-ci ilin dekabrı – 2019-cu ilin martı arasında 34 yoluxma və 11 ölüm qeydə alınmışdı. Hazırda "MV Hondius" gəmisində də oxşar yoluxma halları qeydə alınıb və 3 nəfərin öldüyü bildirilir.
 


"Bir masa belə kifayət edirdi”

33 yaşlı Mailen Valle AFP-yə verdiyi açıqlamada atasını və iki bacısını qısa müddət ərzində itirdiyini bildirib. Onun sözlərinə görə, virus bir məclisdə yoluxub:

"Sadəcə eyni masada oturmaq kifayət idi. Oradakı bir neçə nəfər yoluxdu və həyatını itirdi".

Valle həmçinin bildirib ki, atasının dəfn mərasimi də yeni yoluxma zəncirinə səbəb olub.
 


"İnsandan insana yoluxma” müzakirəsi

Hantavirusun əsasən "And siçanı” kimi tanınan gəmiricilərin ifrazatı ilə yayıldığı bildirilir. Lakin bəzi hallarda insandan insana yoluxma ehtimalı da qeydə alınıb.

1996-cı ildən etibarən bəzi bölgələrdə insanlara ötürülmə halları təsdiqlənib. 2018-ci il epidemiyasında isə xəstələrlə təmasda olan şəxslərin 45 gün karantində saxlanıldığı qeyd edilir.

Karantin və sosial izolyasiya

O dövrdə tətbiq olunan tədbirlər, sonradan COVID-19 pandemiyası zamanı görülən karantin addımlarına bənzədilib. Təxminən 100 nəfərin izolyasiyaya alındığı bildirilir.
 


Sosial gərginlik və damğalanma

Bölgə sakinləri epidemiyanın yaratdığı qorxu səbəbilə sosial ayrı-seçkilik yaşadıqlarını bildiriblər. Bəzi xəstələr və ailələri ictimaiyyət tərəfindən damğalanıb.

Mütəxəssislər vurğulayırlar ki, hantavirusla mübarizədə həm gigiyena tədbirləri, həm də riskli təmasların məhdudlaşdırılması əsas rol oynayır.

Aydın
--> -->