ABŞ Çinin Argentinada və Çilidə həyata keçirdiyi bir sıra astronomik layihələrin fəaliyyətinin dayandırılmasına nail olub. Vaşinqton bu layihələrin hərbi məqsədlərlə istifadə oluna biləcəyindən ehtiyat edir.
Qaynarinfo bu barədə "The New York Times"a istinadən xəbər verir.
Söhbət Argentina-Çin Radioteleskopu ("China Argentina Radio Telescope”) layihəsindən gedir. 32 milyon ABŞ dolları dəyərində olan bu layihə San-Xuan Milli Universiteti və Çin Milli Astronomiya Rəsədxanasının birgə əməkdaşlığı ilə həyata keçirilirdi. Lakin ölkələr arasında razılaşmanın müddəti başa çatdıqdan sonra Argentina gömrük orqanları qurğunun əsas komponentlərini saxlayıb və quraşdırma prosesi dayandırılıb.
Oxşar vəziyyət Çilidə də yaranıb. Burada yerli hakimiyyət ABŞ-nin təzyiqlərindən sonra Atakama səhrasında Çin tərəfindən planlaşdırılan rəsədxananın tikintisini dayandırıb.
Çinin Buenos-Ayresdəki səfirliyi ABŞ-nin bu addımlarını "Çini cilovlama və təzyiq göstərmə cəhdi” kimi qiymətləndirib.
Bundan əvvəl bildirilmişdi ki, Çin şirkəti "Galactic Energy” dörd "Tianqi” ("Tyançi”) telekommunikasiya peykini uğurla orbitə çıxarıb. "Tianqi 37–40” peykləri "Xiwang” ("Ümid”) adlı beynəlxalq əşyaların interneti layihəsində istifadə olunacaq. Şirkət həmçinin avtomobillərdə və portativ cihazlarda rəqəmsal xidmətlərin genişləndirilməsi üzərində işləyir.
Dekabr ayında isə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ("CASC”) tərəfindən hazırlanmış "PIESAT-2” yerin məsafədən zondlanması üzrə dörd peyk uğurla orbitə buraxılıb.
Aydın
Şərhlər