Xəbər lenti

Texas mağarasından 6500 illik
Dünya 22:39 11.05.2026

Texas mağarasından 6500 illik "zaman kapsulu" tapıldı

Texas dağlarında aparılan arxeoloji qazıntılar zamanı tədqiqatçılar 6500 il əvvələ aid nadir bir tapıntı – qədim ovçunun silah və şəxsi əşyalarından ibarət "zaman kapsulu” aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.

Tapıntıya nizə atmaq üçün istifadə olunan atlatl (nizə atıcı alət), dartlar və hətta düz formalı bumeranq daxildir. Alimlərin sözlərinə görə, mağaradakı quraq hava şəraiti orqanik materialların minilliklər boyu qorunmasına imkan verib. Adətən bir neçə il ərzində çürüyən ağac və dəri nümunələri burada demək olar ki, bütöv halda qalıb. Tapıntılar arasında hələ də tükləri və rəngi qorunan antilop dərisi də var.

Big Bend Araşdırmalar Mərkəzinin direktoru Brayon Şröder bildirib ki, belə tapıntılar keçmişi daha real və anlaşılan edir. Tədqiqatçılar hesab edirlər ki, mağara qədim ovçular üçün müvəqqəti dayanacaq və təmir emalatxanası kimi istifadə olunub. Burada onlar gecələyir, ocaq qalayır və ov alətlərini təmir edirdilər.

Xüsusi maraq doğuran tapıntılardan biri isə taxta ucluqlardır. Alimlər ehtimal edirlər ki, qədim ovçular onları zəhərlə örtərək ov zamanı daha effektiv nəticə əldə ediblər.

Hazırda artefaktların analizi davam edir. Tədqiqatçılar yaxınlıqda tapılan daşlaşmış nəcis nümunələri üzərində DNT analizləri aparmağı planlaşdırırlar ki, həmin insanların qidalanması və mənşəyi haqqında daha çox məlumat əldə edilsin.

"Smithsonian” jurnalının məlumatına görə, bu ərazidə aparılan qazıntılar davam edəcək, çünki mağarada son 13 min il ərzində insan fəaliyyətinin izləri qorunub saxlanılıb.

Aydın
--> -->