Xəbər lenti

Macarıstan Rusiya ilə 15 milyard dollarlıq sazişi yenidən nəzərdən keçirəcək
Dünya 19:32 11.05.2026

Macarıstan Rusiya ilə 15 milyard dollarlıq sazişi yenidən nəzərdən keçirəcək

Macarıstanda yeni hökumət Rusiya ilə "Rosatom”un iştirakı ilə həyata keçirilən Pakş Atom Elektrik Stansiyasının genişləndirilməsi layihəsinin maliyyələşdirilməsini və şərtlərini yenidən nəzərdən keçirəcək. Bu barədə parlament dinləmələri zamanı iqtisadiyyat və energetika naziri vəzifəsinə namizəd İştvan Kapitani bildirib. 

Qaynarinfo xəbər verir ki, məlumatı "Reuters” yayıb.

Söhbət dəyəri 12,5 milyard avro (14,7 milyard ABŞ dolları) olan və Pakş AES-də iki Rusiya reaktorunun tikintisini nəzərdə tutan layihədən gedir. Müqavilə 2014-cü ildə tender keçirilmədən "Rosatom”a verilib, lakin layihənin icrası illərdir gecikir.

Siyasi müşahidəçilər bu layihəni uzun müddət Macarıstanın keçmiş baş naziri Viktor Orban dövründə Budapeşt və Moskva arasında yaxın münasibətlərin simvolu kimi qiymətləndiriblər. Seçkilərdə qələbədən sonra formalaşan yeni hökumət isə Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasını prioritet elan edib.

Nazir vəzifəsinə namizəd İştvan Kapitani bildirib ki, layihə üzrə xərclər və maliyyələşmə şəffaf deyil.

"Bizə şəffaf nüvə strategiyası lazımdır. Pakş-2 layihəsinin maliyyələşdirilməsi, xərcləri və icra şərtləri yenidən nəzərdən keçirilməlidir. Bu, gizli müqavilələrdir və biz hələ onlarla tanış olmamışıq, onları araşdırmalıyıq”, — deyə o bildirib.

Yeni baş nazir Peter Madjar daha əvvəl layihənin dəyərinin şişirdildiyini bəyan etmişdi. Buna cavab olaraq "Rosatom” qiymətlərin əsaslandırıla biləcəyini açıqlayıb.

Xarici işlər naziri vəzifəsinə namizəd Anita Orban isə Macarıstanın Rusiya ilə "bərabərhüquqlu və şəffaf” münasibətlər qurmaq istədiyini bildirib.

"Rusiya tərəfdaş olaraq qalacaq, lakin bu münasibətlər birtərəfli asılılığa əsaslana bilməz. Mövcud geosiyasi şəraitdə Rusiya siyasətinin Macarıstan və Avropa üçün təhlükəsizlik riski yaratdığı aydındır”, deyə o vurğulayıb.

"Greenpeace” Ukrayna nümayəndəliyinin nüvə üzrə baş eksperti Şon Börni Avropanın Rusiyanın nüvə sənayesi ilə əməkdaşlığı davam etdirdiyini, bunun isə milyardlıq müqavilələr və siyasi amillərlə bağlı olduğunu bildirib.

Fevral ayında "Greenpeace” Ukrayna Pakş-2 layihəsinin tikintisinin başladığını açıqlamışdı və layihənin Avropa İttifaqı qanunvericiliyinə zidd olduğu qeyd olunmuşdu.

Aydın
--> -->